Müstəqil Dövlət Birliyi (MDB) dövlət başçılarının qeyri-formal sammiti dekabrın 28-də Sankt-Peterburqda keçiriləcək.
Bu barədə danışan Qazaxıstanın Rusiyadakı səfiri Yermek Koşerbayev “2021-ci il dekabrın 28-də Sankt-Peterburqda MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-formal sammiti keçiriləcək” deyə qeyd edib. İlkin məlumata görə, qeyri-formal sammitə Rusiya Prezidenti Vladimir Putin sədrlik edəcək.
Sfera.az bildirir ki, politoloq Zaur Məmmədov dekabrın 28-29 tarixlərində Azərbaycan və Ermənistan liderlərinin də iştirak edəcəyini və Sank-Peterburqda dəmiryolu, avtomobil yolu ilə bağlı əldə edilmiş razılıqların hüquqi müstəviyə keçirəcəyini deyib:
“Burada ən maraqlı məqamlardan biri Laçın və Zəngəzur yollarının statusu ilə bağlı olacaq. Ehtimal edirəm ki, növbəti addım Konstitusiyaya dəyişikliklərlə əlaqəli ola bilər. Ermənistan Konstitusiyasındakı dəyişikliklər ciddi maraq kəsb edəcək. 1992-ci ildə Türkiyə münasibətlərin qurulması üçün şərtlər irəli sürmüşdü – gerbdə Ağrı dağından və Müstəqillik aktının 11 ci maddəsindəki soyqırım iddialarından imtina”.
Politoloq Paşinyanın Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımalı olduğunu əlavə edib.
Qeyd edək ki, MDB 1991-ci ildə yaradılıb. Birliyə 9 ölkə – Rusiya, Azərbaycan, Qazaxıstan, Belarus, Ermənistan, Qırğız Respublikası, Moldova, Tacikistan və Özbəkistan daxildir.
Follow @7timesaz