Bu gün Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında birgə görüş keçiriləcək.
Modern.az-ın məlumatına görə, bu görüşdə Ermənistanla Azərbaycan arasında sülh sazişi ilə bağlı danışıqlar əsas müzakirə mövzusu olacaq.
Xatırladaq ki, Azərbaycan tərəfi ötən ayın ortalarında “iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsipləri”nə dair təkliflər paketini Ermənistana göndərmişdi.
Həmin təkliflərlə tanış olan rəsmi İrəvan Azərbaycanla sülh sazişinin imzalanması üzrə danışıqların təşkili üçün ATƏT-in Minsk Qrupunun həmsədrliyinə müraciət etmişdi.
Rəsmi Bakının Ermənistana təqdim etdiyi sülh sazişinə dair təkliflər paketinə aşağıdakı 5 prinsip daxildir:
– Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
– Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
– Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
– Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
– Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Brüssel görüşündən bir gün öncə Zəngəzur yolunun İran ərazisindən keçəcək hissəsi ilə bağlı memorandumu təsdiqləyən Prezident İlham Əliyev istisna deyil ki, Avropa masasında “Zəngəzur və Laçın dəhlizi eyni rejimlə işləməlidir” prinsipini yenidən gündəmə gətirəcək.
“Dekabrda keçirilən Brüssel görüşündə qapalı müzakirələrdən öncə Əliyev bəyan etdi ki, Zəngəzur və Laçın dəhlizi eyni rejimlə işləməlidir: Ermənistan Zəngəzurda gömrük postu quracaqsa, Azərbaycan da Laçında eyni addımı atacaq.
Həmin görüşün yekununda Zəngəzur dəhlizinin Ermənistanın istəyinə uyğun olaraq “yol məntiqi” ilə açılması üzərində razılaşma əldə olundu. Razılaşma praktiki mərhələyə keçmədiyi üçün Laçın dəhlizi məsələsi açıq qalır, lakin gündəmdən çıxmayıb. O cümlədən, Zəngəzur dəhlizi də gündəmdədir, kommunikasiyanın açılması razılaşması çərçivəsində reallaşacağı gözlənilir, lakin İrəvanın istədiyi “yol məntiqi” ilə.
Hərçənd, Laçına gömrük postu qurulacağı təqdirdə, İrəvanın iqtisadi baxımdan daha əhəmiyyətli olan Zəngəzur yolunu bağlaması daşımalarda problemlərə yol aça və Bakının işini çətinləşdirə bilərdi.
Azərbaycanın İranla anlaşması bu kontekstdə əhəmiyyətlidir:
– Bakı Laçın dəhlizində gömrük postunun qurulmasını gündəmə gətirdikdə, Ermənistan Zəngəzur dəhlizinin onun ərazisindən keçən hissəsindən buna qarşı rıçaq kimi istifadə edə bilməyəcək;
– Zəngəzur dəhlizi “yol məntiqi” ilə işləyəcəyi təqdirdə, Laçın dəhlizi də eyni rejimlə işləyəcək;
– Rusiya buna qarşı çıxarsa, Ermənistanı “dəhliz məntiqi”nə məcbur etməlidir: Əliyevin dediyi kimi, “biz hər iki varianta açığıq””.
Ekspertin fikrincə, mümkündür ki, Brüssel görüşündə ilk görüşdəki anlaşmanın praktiki icrası da müzakirə olunacaq. Və İran ərazisindən alternativ əldə edən Bakının dəhlizlər məsələsinin müzakirəsində əli daha güclü olacaq.
Follow @7timesaz