Siyasət

Erməni mətbuatı sülh sazişinin detallarını açıladı: “Azərbaycan pul ödəyəcək…”

Erməni mətbuatı sülh sazişinin detallarını açıladı: “Azərbaycan pul ödəyəcək…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda nəşr edilən “Hraparak” (“Meydan”) qəzeti Moskvada Azərbaycan və Ermənistan nümayəndələri arasında “gizli sülh danışıqlarının aparıldığını” iddia edir.

Nəşr bildirir ki, Ermənistan müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti artıq bir neçə gündür Moskvadadır. Rəsmi versiyaya görə nümayəndə heyəti “Qərb-2021” hərbi təlimlərində erməni qruplaşmasını izləyir.

“Bizim mənbələrimiz isə bildirir ki, Moskvada Azərbaycan tərəfi ilə “sülh müqaviləsi” ətrafında danışıqlar aparılır. Bizə deyiblər ki, danışıqlar yekunlaşıb və erməni tərəfi nəticələrdən çox razıdır. Deyəsən Dağlıq Qarabağın statusu barədə məsələdən yan ötməklə , sovet dövrü xəritələri əsasında demarkasiya və delimitasiya prosesinin başladılmasına dair razılıq əldə etmək mümkün olub. Habelə Rusiya sülhməramlılarının iştirakının da qeyri-müəyyən müddətə uzadılması razılaşdırılıb.

Sünikdən (Zəngəzurdan,-red.) keçən yola gəldikdə isə tərəflər Rusiyanın nəzarət edəcəyi tranzit yol barədə razılığa gəliblər, orada erməni tərəfi sərhəd postları qoyacaq, azərbaycanlılar isə bu yoldan keçmək üçün pul ödəyəcək”,-qəzet belə iddia edir.

Xatırladaq ki, ötən gün Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyasına, delimitasiyasına dair danışıqların başlanması üçün konkret təkliflər verdiklərini, tərəflərdən cavab gözlədiklərini açıqlamışdı.

Azərbaycan tərəfinin mövqeyi belədir ki, sərhədlərin müəyyən edilməsi prosesi ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması ilə başlamalıdır. Yəni proses Dağlıq Qarabağın hazırda Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan hissəsinin Ermənistan tərəfindən rəsmən Azərbaycan ərazisi kimi tanınmasına əsaslanmalıdır.