“Dünən – sentyabrın 30-da Gürcüstanın Kaçreti şəhərində Azərbaycan və Ermənistanın ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakıyla azərbaycanlı və ermənilərin görüşü keçirilib”.
7times.az xəbər verir ki, bunu Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.
Belə çıxır ki, görüş Azərbaycan və Ermənistan mətbuatına qapalı şəkildə keçirilib. Çünki erməni müxbirlər yazır: “Fotolarda Ermənistan tərəfdən akademik Aleksandr Manasyan və Stepan Qriqoryandan başqa iştirakçıların tərkibini öyrənə bilmədik. Azərbaycan tərəfdən isə Azərbaycan prezidentinin keçmiş müşaviri Eldar Namazovu və “Turan” xəbər agentliyinin rəhbəri Mehman Əliyevi tanıdıq”.
“Müzakirədən əvvəl görüş iştirakçıları 44 günlük Qarabağ müharibəsində həlak olan azərbaycanlı və ermənilərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Etimad tədbirləri üzrə seminar Avropa Birliyinin dəstəyi ilə “LINKS Europe” təşkilatı tərəfindən Ermənistanın Siyasi, İqtisadi və Strateji Araşdırmalar Mərkəzi və Azərbaycanın Qafqaz Siyasi Təhlil Mərkəzi ilə birlikdə təşkil edilib.
“LINKS Europe” 1997-ci ildən bəri Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə həllini dəstəkləyir və xüsusən də 2016-cı ilin dörd günlük müharibəsindən sonra da oxşar cəhdlər edib.
Məlumata görə, görüş konstruktiv və praktiki şəraitdə keçib. İştirakçılar Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini, sülh məsələlərini, münaqişə problemlərini, 44 günlük müharibədən sonra sülh perspektivlərini dəyərləndiriblər. Hazırda müzakirə olunan müxtəlif təklif və sülh təşəbbüsləri müsbət qiymətləndirilib.
Görüş zamanı mümkün etimad tədbirləri haqqında bəzi praktiki təkliflər də aşkara çıxıb və gələcək tədbirlər üzərində işləmək üçün razılıq əldə edilib. Bunun üçün üç işçi və üç əlaqə qrupu yaradılıb. İşçi qruplarının diqqət mərkəzində humanitar, mədəni, təhsil, iqtisadi fəaliyyət, ünsiyyət müxtəlifliyi məsələləri durur. Əlaqə qrupları media, gənclik, qadın və gender məsələləri üzərində dayanacaq.
Görüşdə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsinin ofisinin nümayəndələri də iştirak ediblər” erməni nəşri belə yazır.
Hazırda Eldar Namazov və Mehman Əliyev telefon zənglərinə cavab vermədiyi üçün görüşün daha geniş təfərrüatlarını öyrənə bilmədik./Moderator.az