Ölkə

Ermənilər görüş təklifini qəbul etməsələr… – Bakıdan xəbərdarlıq

Ermənilər görüş təklifini qəbul etməsələr… – Bakıdan xəbərdarlıqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsi ilə bağlı yenidən təklif irəli sürüb.

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir”, – məlumatda deyilir.

 

Birinci dəfə təklif martın 13-də edilib. Martın 1-də isə Xocalı şəhərində Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüş keçirilib. Görüşdə Azərbaycan tərəfdən Milli Məclisin deputatı Ramin Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov iştirak ediblər.

 

Ermənilər rəsmi Bakının təklifinə cavab verəcəkmi?

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan sabiq dövlət müşavini, politoloq Qabil Hüseynli bildirib ki, ermənilər Azərbaycanın təklifini qəbul etməyə meyillidirlər.

“Ermənilər bir müddət əvvəl yeni bir görüşə hazır olduqlarını söyləmişdilər. Ancaq onların görüşün keçiriləcəyi yerlə bağlı müəyyən narahatlıqları mövcuddur. Ümumiyyətlə, ermənilərin görüş yeri ilə bağlı fikir bildirməsi qəbuledilməzdir. Çünki bu prosesdə şərtləri diqtə edən Azərbaycandır. Yəni görüşün necə və harada keçirilməsi ölkəmiz tərəfindən müəyyənləşir. Görüşün yeri ilə bağlı məsələdə müəyyən kompramislər ola bilər”, – deyə o bildirib.

Q.Hüseynli vurğulayıb ki, ikinci görüşün Qarabağ iqtisadi rayonunda keçirilməsi Azərbaycan tərəfindən qəbul edilməyəcək: “Ermənilər reinteqrasiya ilə bağlı məsələlərdə istədikləri kimi hərəkət edə bilməyəcəklər. Müzakirənin əsasını Qarabağda yaşayan etnik ermənilərin Azərbaycana inteqrasiyası məsələsi təşkil edəcək.  Ordumuzun son uğurlu addımından sonra inteqrasiya prosesinə mane olmağa çalışan separatçıların “məğrurluq”u aradan götürülüb. Ermənilər Azərbaycan tərəfindən verilən ikinci şansı da dəyərləndirə bilməsələr, əməliyyatlar davam edəcək. Bu əməliyyatlara Ağdərə-Kəlbəcər yolunun və Sərsəng su anbarının nəzarətə götürülməsi daxildir. Yəni orduda bu ərazilərin nəzarətə götürülməsi ilə bağlı plan mövcuddur”.

 

Deputat Nəsib Məhəməliyev isə qeyd edib ki, ermənilərin gələcəyi vətəndaşlığımızı qəbul etməkdən keçir.
“Ümumiyyətlə Azərbaycanın Qarabağda yaşayan erməni vətəndaşlarına yönələn siyasəti tamamilə doğrudur. Ermənilərə açıq şəkildə bildiririk ki, sizin gələcəyiniz Azərbaycan vətəndaşlığını qəbul etməkdən keçir. Onların yenidən silahlanıb təşkilatlanması özlərinin məhv olmasına yönənmiş hərəkətlərdir. Bu addımların heç bir perspektivi yoxdur. Çünki ermənilər hərbi cəhətdən Azərbaycana güc gələ bilməz”, – deyə o bildirib.

Deputat vurğulayıb ki, ermənilər tarixi şansı qaçırsalar, ölkəmiz hərəkətə keçəcək: “Azərbaycan Ordusu Qarabağda və şərti sərhəddə strateji yüksəkliklərdə yerləşib. Yəni ermənilər tam nəzarətdədir. Ötən gün baş verənlər bir daha göstərdi ki, ordumuz posesləri diqqətlə izləyir. Biz imkan verməyəcəyik ki, terrorçu dəstələr yenidən formalaşıb Azərbaycanın göbəyində münaqişə ocağı yaratsın. Çünki bu birbaşa Azərbaycanın milli təhlükəsizliyinə təhdid deməkdir. Biz bunu beynəlxalq təşkilatlara elan etmişik və Ermənistana da bununla bağlı xəbərdarlıq etmişik. Heç bir dövlət izn verməz ki, sərhədləri daxilində terrorçu bir dəstə olsun.  Azərbaycan rüşeym halında olan separatizmi məhv edəcək. Əgər ermənilər yenə də bu yolu tutsa, ölkəmiz öz konstitusiyasına uyğun olaraq silahlı dəstələri tərksilah edəcək. Müharibədən 2 ildən artıq vaxt keçib, ancaq onlar öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyiblər. Yəni 10 noyabr sazişinin 4 və 9-cu maddələri hələ də icra olunmayıb. Ermənilər bu dəfə də tarixi şansdan yararlana bilməsə, Azərbaycan öz imkanları hesabına separatçıları zərərsizləşdirəcək. Çünki biz imkan verə bilmərik ki, onlar güclənsin və gələcəkdə daha geniş çaplı bir əməliyyat olsun”.