Manşet

Erməniləri monastra gətirən sülhməramlılar azərbaycanlıları niyə Xocalıya aparmır? – AÇIQLAMA

Erməniləri monastra gətirən sülhməramlılar azərbaycanlıları niyə Xocalıya aparmır? – AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları 50 erməni zəvvardan ibarət bir qrupun Amaras monastırına ziyarətinin təhlükəsizliyini təmin edib.

“Monastır təmas xəttinə yaxın ərazidə yerləşir. Ona görə də sülhməramlıların müşaiyəti təhlükəsizliyi təmin etmək baxımından önəmlidir” – deyə sülhməramlıların nümayəndəsi Sergey Kalinin bildirib.

Qeyd edək ki, qədim Alban məbədi olan Amaras Xocavənd rayonu ərazisində yerləşir.

Maraqlıdır, rus sülhməramlıları azərbaycanlılara münasibətdə niyə bu cür humanist davranmırlar? Məsələn, erməniləri monastra aparan sülhməramlılar azərbaycanlıları niyə Xocalıya aparmır?

7times.az-ın məlumatına görə, politoloq Elçin Mirzəbəyli yenisabah.az-a açıqlamasında deyib ki, dünyada ermənilər qədər xristian faktorundan və kilsə amilindən siyasi məqsədlər üçün istifadə edən ikinci bir xalq yoxdur:

“Rusiya sülhməramlılarının erməniləri Azərbaycan ərazisində yerləşən, Qriqoryan kilsəsinə aid olmayan bir kilsəyə hansı səbəbdən apardığını anlamaq bir qədər çətindir. Digər tərəfdən, Azərbaycan o qədər yüksək mədəniyyəti olan xalqdır ki, erməni və ya digər əcnəbi nümayəndələr əgər ziyarət anlayışı və saf niyyətlə Azərbaycana gələrsə, azərbaycanlılar sülhməramlıların iştirakı olmadan belə onları təmin edə bilərlər. Amma dünyada ermənilər qədər xristian faktorundan və kilsə amilindən siyasi məqsədlər üçün istifadə edən ikinci bir xalq olmadığı üçün onlar hər fürsətdən yararlanmağa çalışırlar”.

Politoloqun sözlərinə görə, onlar öz varlıqlarını nümayiş etdirmək üçün ərazilərdə məqədyönlü siyasət sərgiləyirlər:

“Əslində, erməni Qriqoryan kilsəsinin katolik, pravoslav kilsələrindən ən böyük fərqi ondan ibarətdir ki, o yarandığı gündən siyasətlə məşğul olub, həm də çox çirkin bir üsullarla terrorizmi stimullaşdıraraq, tətbiq edib. Bu aspektdən indiki ermənilərin addımı da əslində məbədin ziyarəti deyil, siyasi bir addımdır. Bu onların öz varlıqlarını nümayiş etdirmək üçün ərazilərdə sərgilədikləri məqədyönlü siyasətin tərkib hissəsidir”.

E.Mirzəbəyli qeyd edib ki, azərbaycanlıların həmin torpaqlara səfər etməsi üçün rus sülhməramlılarına ehtiyac qalmayacaq:

“Xocalıdan olan Azərbaycan vətəndaşlarının, hazırda sülhməramlıların müvəqqəti müşahidəsi altında olan Azərbaycan torpaqlarına səfər etməklə bağlı sülhməramlıların qarşısında belə bir məsələ qaldırıb-qaldırılmadığını bilmirəm. Bu barədə məlumatım yoxdur.

Düşünürəm ki, belə bir məsələ qaldırıla bilər. Və azərbaycanlıların həmin ərazilərə getməsi onların təbii haqqıdır. Azərbaycan, Ermənistan, Rusiya arasında imzalanmış üçtərəfli bəyanatın da tələblərindən biri də bundan ibarətdir. O tələblər də yerinə yetirilməlidir.

Bu aspektdən düşünürəm ki, rus sülhməramlılarının missiyasına azərbaycanlıların ehtiyacı qalmayacaq. Necə ki, 44 günlük müharibə ərzində azərbaycanlıların yalnız Azərbaycan əsgərinə ehtiyacı olmuşdu, bundan sonra da yalnız Azərbaycan ordusuna və əsgərinə ehtiyacı olacaq”.