Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanı növbəti dəfə ittiham edib. Erməni hökumət başçısı deyib ki, Rusiya obyektiv və ya subyektiv səbəblərdən Qarabağda təhlükəsizliyi və sabitliyi təmin edə bilmirsə, Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurası sülhməramlı kontingentin BMT mandatı alması və ya Qarabağa əlavə çoxmillətli sülhməramlı kontingentin göndərilməsi təşəbbüsünü irəli sürməlidir.
İstiqlalçı millət vəkili, siyasi elmlər doktoru Cümşüd Nuriyev açıqlamasında bildirib ki, Paşinyan Sankt-Peterbuqdan əliboş geri qayıdıb. Onun Putinlə danışıqları alınmayıb: “Ona görə də belə, həddindən artıq aqressivdir. Əslində isə bu, yaxşı nüansdır. Ki, artıq Ermənistan Rusiyaya qarşı aqressivləşir. Ona görə də Paşinyan deyir ki, Rusiya missiyasını yerinə yetirə bilmir, Qarabağa çoxmillətli missiya gəlsin”.
“Lakin bunun üçün Birləşmiş Millətlər Təşkilatına hər iki tərəf müraciət etməlidir. BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası qərar qəbul etməlidir və BMT Nizamnaməsinin 33-cü maddəsinə görə, bura missiya göndərilə bilər. Amma Azərbaycanın belə bir addım atacağı inandırıcı olmadığına görə, Paşinyanın bu açıqlamasının da heç bir mənası yoxdur” – deyə, Nuriyev vurğulayıb.
Həmsöhbətimiz hesab edir ki, Rusiya Ermənistana qarşı bu günə qədər anti-Azərbaycan mövqeyi tutduğuna görə, bu da Allahın onlara bir cəzasıdır: “Paşinyan Qərbin tapşırığını yerinə yetirir və bu anti-Rusiya siyasəti İrəvanda getdikcə güclənəcək. Bu isə Azərbaycanın xeyrinədir”.