Ermənistan 30 ilə yaxın müddətdə cəbhə xəttində neçə mərhələdən ibarət gücləndirilmiş müdafiə istehkamları yaratmışdı. Lakin onların heç biri Azərbaycan Ordusunun hücumlarını əngəlləyə bilmədi və döyüşən bölmələrimiz ilk saatlardan düşmənin ön cəbhə xəttindəki bütün səngərlərini ələ keçirmişdilər.
Azərbaycan tərəfinin mina xəritələrinin təqdim edilməsi ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan son günlərədək bundan imtina edib. Lakin aparılan məqsədyönlü fəaliyyət öz bəhrəsini verib və əldə edilmiş razılığa əsasən, iyulun 3-də Ermənistan tərəfindən işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırılmış tank və piyada əleyhinə təqribən 92 min minaya dair xəritələr Rusiya Federasiyasının təşəbbüsü ilə Azərbaycana təqdim edildi. Bu hadisə bir daha göstərdi ki, Azərbaycanın mina xəritələrinin mövcud olması barədə iddiaları tamamilə haqlı, Ermənistanın bəhanələri isə yalan imiş.
Füzuli və Zəngilan rayonlarında basdırdığı minaların xəritələrinin Ermənistandan alınması Prezident İlham Əliyevin həyata keçirdiyi fəaliyyətin məntiqi nəticəsi və siyasi-diplomatik qələbəsidir. Eyni zamanda növbəti mina xəritələrinin Azərbaycana verilməsi İlham Əliyevin düşünülmüş və qətiyyətli siyasəti nəticəsində Ermənistanın çıxılmaz vəziyyətə düşdüyünü və mina xəritələrini verməyə məcbur qaldığını sübut edir. Humanist addım olaraq Azərbaycan tərəfi isə məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib. Beləliklə, Azərbaycan tərəfi mina xəritəsi müqabilində 15 erməni vətəndaşını Ermənistana təqdim etməklə həm humanistlik, həm də mina təhlükəsi ilə üzləşə biləcək hər bir vətəndaşımızın təhlükəsizliyinin bizim üçün dəyərli olmasını göstərdi.
Bildiyimiz kimi, postmüharibə dövrünün başlaması ilə həmin ərazilərdə Azərbaycan vətəndaşlarının normal yaşayışını bərpa etmək üçün intensiv işlər başlanıb və bu gün də sürətlə davam etdirilir. Bu mənada qarşımızdakı yeganə əngəl ərazilərin pərakəndə şəkildə minalanmasıdır. Təbii ki, ilk növbədə işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işləri aparılmalı, təhlükəsizlik təmin edilməlidir. Vaxt itirilmədən respublikamızda minatəmizləmə əməliyyatları üzrə milli standartlar müəyyən edildi. Bu prosesin dünya standartlarında həyata keçirilməsi üçün lazımi tədbirlər görülür. Çünki bizim azad edilmiş ərazilərdə olan minalanmanın həcmi bəlkə də dünya miqyasında ən böyük dərəcələrdən biridir. Artıq Azərbaycan Prezidentinin bölgədə yaratdığı reallıqlar öz sözünü deyir. Kaputiliyasiya aktını imzalayan Ermənistan hakimiyyəti indi də mina xəritələrini vermək məcburiyyətində qalıb. Mina xəritələrinin olmaması təkcə Füzuli və Zəngilan rayonların ərazisinin minalardan təmizlənməsi prosesini illərlə uzada bilərdi ki, bu da Azərbaycan büdcəsinə əlavə olaraq on milyonlarla manata başa gələrdi, ölkəmizin yüzlərlə vətəndaşı həlak ola bilərdi. Təbii ki, bunun da nəticəsində bərpa işlərini sürətlə aparmaqda və əhalinin bu torpaqlara qayıtmasını təmin etməkdə çətinliklər yaranardı. Bu baxımdan 92 min minaya dair xəritələrin bizə təqdim edilməsi tarixi torpaqlarımızın yenidən canlanması və böyük qayıdış üçün mühüm töhfə olacaq. Ən əsası isə Cənubi Qafqaz regionunda əməkdaşlığın və sabitliyin təmin olunması üçün Ermənistan tərəfi əsasız iddialarını kənara qoyacaq, yeni reallıqlara barışacaq və üzərinə düşən öhdəlikləri yerinə yetirəcək. Hadisələrin başqa variantda inkişafı isə yalnız Ermənistanın ziyanına olacaq. Buna görə də Ermənistanın mina xəritələri vermək məcburiyyətində qalması Prezident İlham Əliyev diplomatiyasının növbəti böyük nailiyyətidir.
Anar MƏMMƏDOV
Milli Məclisin deputatı
Follow @7timesaz