Mən Ermənistanın xarici işlər nazirinin bu gün verdiyi bəyanata cavab hüququmuzdan istifadə etmək istərdim. Bu çıxış beynəlxalq ictimaiyyətin diqqətini təkcə Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində deyil, həm də Ermənistanın özündə aparılan mədəni təmizləmə faktlarından yayındırmağa yönəlmiş növbəti təxribat cəhdidir.
AZƏRTAC xəbər verir ki, bu fikri UNESCO-nun Baş Konfransının 41-ci sessiyasında qurumdakı Daimi Nümayəndəliyimizin II katibi Nahid Ömərov cavab hüququndan istifadə edərək, Ermənistanın xarici işlər nazirinin təxribat xarakterli çıxışına cavabında səsləndirib.
Vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən mədəni irsimiz, o cümlədən 67 məsciddən 65-i azərbaycanlıların bu ərazilərdə tarixi mövcudluğunun sübutlarını silmək üçün Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılıb və yerlə-yeksan edilib. Azərbaycan kənd və şəhərlərinin tarixi adları tamamilə dəyişdirilib, qədim toponimlər erməni adları ilə əvəz edilib.
“Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı öz ərazilərini işğaldan azad etdi. Bununla da BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini həyata keçirdi. Bu gün Azərbaycan üçün münaqişə başa çatıb və ölkəm bütün səylərini işğaldan azad edilmiş torpaqların dirçəldilməsinə yönəldib. Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərdə regionun həqiqi və tarixi simasını bərpa etmək üçün tanınmış beynəlxalq ekspertlərin iştirakı ilə böyük yenidənqurma və bərpa işləri aparılır”, – deyə N.Ömərov qeyd edib.
Azərbaycanla UNESCO arasında Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərinə müstəqil texniki missiyanın göndərilməsi ilə bağlı konstruktiv dialoqun mövcud olduğunu bildirərək qeyd edib ki, Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdi texniki missiyanın yerinə yetirilməsində deyil, daha çox onun siyasiləşdirilməsində maraqlı olduğunu nümayiş etdirir.
“Müxtəliflik və tolerantlıqdan danışarkən xatırladaq ki, Ermənistan regionda yeganə monoetnik ölkədir. Beynəlxalq ictimaiyyət ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına, o cümlədən nasizm, antisemitizm, islamofobiya və ksenofobiyaya qarşı mübarizə apararkən Ermənistan hökuməti nasist hərbi generalları təşviq edir və onlara abidə ucaldır.
Təəssüflər olsun ki, Ermənistan insanların şüurunda sülh yaratmaq əvəzinə, bu möhtərəm evin nəcib ruhunu zəhərləməklə ən yüksək kürsüdən sui-istifadə edir. Bu qətiyyən yolverilməzdir”, – deyə Daimi Nümayəndəliyimizin diplomatı vurğulayıb.
Follow @7timesaz