Türkiyənin xarici işlər naziri Hakan Fidanın 16-17 iyun tarixlərində Moskvaya rəsmi səfəri baş tutub. Səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəbul edilən H.Fidan rusiyalı həmkarı Sergey Lavrov, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, eləcə də “Rosneft” rəhbəri İqor Seçin və Rusiya kəşfiyyatının rəsmiləri ilə mühüm görüşlər keçirib.
“7Times.az” xəbər verir ki, gərgin keçən Moskva təmaslarından sonra Türkiyənin XİN rəhbəri mətbuata geniş müsahibə verərək Rusiya ilə əlaqələrdən Ukrayna böhranına, ABŞ-İran nüvə razılaşmasından Ankara NATO Sammitinə və Cənubi Qafqaz siyasətinə qədər bir çox aktual mövzular barədə mühüm açıqlamalar verib.
Hakan Fidan bildirib ki, ikili və regional mövzularda Moskva ilə birgə çalışmaqda heç bir problem yoxdur: “Ruslarla çox xüsusi bir münasibət inkişaf etdirmişik. Ən ciddi böhran anlarında belə etimad yaratmağı və əməkdaşlıq etməyi bacardıq”. Ukrayna müharibəsinə toxunan nazir qeyd edib ki, Rusiyanın mövqeyi dəyişməz qalıb və rəsmi Moskva Donetsk məsələsi həll olunmayana qədər bu mövqeyin dəyişməyəcəyini vurğulayır.
Vaşinqton və Tehran arasında əldə olunmuş son müvəqqəti anlaşmaya toxunan H.Fidan, iki ölkəni birbaşa danışıqlara təşviq etmək üçün şəxsən səy göstərdiyini deyib. O, nüvə dosyesi üzrə prinsipial razılığın əldə olunduğunu, lakin texniki detalların hələ işlənməli olduğunu bildirib:
“Prensipdə razılıq var, lakin zənginləşdirilmiş uranın taleyi və gələcək moratoriumun necə işləyəcəyi müzakirə edilməlidir. Məsələn, İrandakı 400 kiloqramlıq zənginləşdirilmiş uranın duruldulması barədə anlaşma var, lakin bunu kimin edəcəyi, kimin nəzarət və təsdiq edəcəyi dəqiqləşməlidir”.
Türkiyəli nazir onu da əlavə edib ki, İsrailin Livanı işğal etməsi ABŞ-İran danışıqlar prosesini xeyli gecikdirib.
Qarşıdan gələn və Türkiyənin ev sahibliyi edəcəyi NATO Sammitinin əhəmiyyətini vurğulayan Fidan, ABŞ Prezidenti Donald Trampın bu görüşə qatılmasının əsas səbəbkarının rəsmi Ankara və şəxsən Rəcəb Tayyib Ərdoğan olduğunu vurğulayıb: “Avropalı liderlər də etiraf edir ki, Prezidentimiz və Türkiyə olmasaydı, Tramp bu sammitə gəlməyəcəkdi”.
Hakan Fidan Türkiyənin NATO daxilindəki çəkisinə də toxunub:
“Alyans daxilində şərti olaraq üç qrup var: ABŞ, Avropa İttifaqı və bu iki düşərgənin xaricində qalanlar. Bu çərçivədən kənarda təkbaşına xüsusi rəy formalaşdıran, adətən təkbaşına bir qütb rolunu oynayan yeganə ölkə Türkiyədir. Ankara Sammiti beynəlxalq rolumuzun möhkəmlənməsi üçün böyük fürsətdir”.
Nazir həmçinin İsrailin təcavüzkar siyasətinin artıq qlobal təhlükəsizlik və iqtisadiyyat üçün böyük bir problemə çevrildiyini, Qəzzada ikinci mərhələyə keçid üçün Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) da daxil olduğu çərçivə mətn üzərində işlərin davam etdiyini qeyd edib.
Cənubi Qafqazda regional əməkdaşlığa xüsusi diqqət yetirən Hakan Fidan, region ölkələrinin rəqabət və hökmranlıq axtarışları yerinə əməkdaşlığı ön plana çıxarmalı olduqlarını vurğulayıb. O, regional nəqliyyat dəhlizlərinə toxunaraq deyib:
“Keçən həftə Azərbaycan-Türkiyə-Gürcüstan formatında görüşümüz oldu. Xüsusilə regional bağlantılar və ‘Orta Dəhliz’in Türkiyəyə bağlanması mövzularını müzakirə etdik. Bu istiqamətdə çox önəmli addımların atıla biləcəyinə inanırıq. ‘3+3’ mexanizmi (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya, İran) Qafqazda əməkdaşlığın dərinləşməsi üçün mühüm platformadır”.
Ermənistanla münasibətlərə toxunan nazir Nikol Paşinyan hökumətinin mühüm addımlar atdığını, Türkiyə tərəfinin də birbaşa ticarət və uçuşların bərpası daxil olmaqla qarşılıqlı addımlar atdığını xatırladıb: “Yeni dövrdə görülməli işlər bəllidir. Lazımi şərtlər tam formalaşdığı an biz Ermənistanla münasibətlərin tam normallaşmasına hazırıq”.
AzPolitika
Follow @7timesaz


