Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş birinci müavini, general-leytenant Tiran Xaçatryan müdafiə naziri Suren Papikyanın üç aylıq təlim-məşq toplanışlarını 25 günlük təlimlərlə əvəz etməklə bağlı qərarını kəskin tənqid edib.
Day.Az xəbər verir ki, Tiran Xaçatryan “Hraparak” nəşrinə müsahibəsində bu qərarın əks effekt verəcəyini deyib.
Xaçatryan bildirib ki, erməni gənclər cəbhə xəttinə Azərbaycan xüsusi təyinatlılarına top yemi kimi göndərilir.
“Bir həftəlik təlimi başa vuran insanların Azərbaycan xüsusi təyinatlıları ilə qarşıdurmaya göndərilməsi nə deməkdir? Rus ifadəsi var: top yemi. Onları qurban vermək istəyirsinizsə, birbaşa deyin: biz qurban kəsirik. Bəlkə də kadr çatışmazlığı var, amma mən bunu qeyri-peşəkarlıqla əlaqələndirmək istərdim. Bilirsiniz, insan təcrübəsiz ola bilər, amma məntiqi, biliyi var. Bu yanaşma sadəcə qeyri-peşəkardır və təəssüf ki, çox ciddi nəticələrə səbəb ola bilər. Sadəcə olaraq, təlim-məşq toplanışının iştirakçıları birbaşa ölümə göndərilir”, – Xaçatryan bildirib.