İki gün əvvəl, avqustun 25-də Azərbaycanın Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının əsgərinə Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığında iki erməni hərbçisi tərəfindən edilmiş hücumun ardınca Ermənistanın Gorus və Qafan vilayətlərini birləşdirən, bir hissəsi Azərbaycan ərazisindən keçən yol bağlanıb.
7Times.az Virtualaz.org-a istinadən xəbər verir ki, iki gündür Ermənistan rəhbərləri bu barədə danışırlar, yolun açılması üçün Rusiya tərəfinin vasitəçiliyi ilə danışıqların getdiyini deyirlər. Azərbaycan tərəfi isə hələlik baş verənləri şərh etmir.
Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə nə baş verdiyi barədə “Azadlığ”ın sorğusuna cavabında bildirib: “Azərbaycan-Ermənistan dövlət sərhədində sərhəd müdafiə və mühafizəsi fəaliyyətləri üzrə zəruri tədbirlərin keçirilməsi davam etdirilir. Vəziyyət stabildir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.
Xatırladaq ki, 10 noyabr üçtərəfli bəyanatının imzalanmasından sonra Azərbaycan Qubadlı və Zəngilan rayonları istiqamətində öz dövlət sərhədlərini sovet dövrü xəritələri əsasında bərpa edərək möhkəmlənib. Hələ sovet dövründən Gorus və Qafan vilayətlərini birləşdirən, eyni zamanda Ermənistanı İranla əlaqələndirən avtomobil yolu bir neçə hissədə Azərbaycan ərazilərindən keçirdi. Yolçəkənlər coğrafi şəraitin daha əlverişli olmasını nəzərə alaraq marşrutu belə müəyyənləşdirmişdilər və sovet dövründə bu, heç kimin diqqətini cəlb etmirdi. Lakin Azərbaycan öz ərazilərini 30 illik işğalın ardınca azad etdikdən və beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdikdən sonra Gorus-Qafan yolunun həmin hissələrinə nəzarət də təbii olaraq Azərbaycana keçdi. Belə vəziyyətdə Azərbaycan xoşməram nümayiş etdirərək Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissələrini bağlamamışdı və orada gediş-gəlişə imkan yaratmışdı.
Lakin həmin yolla İrandan Ermənistana, oradan isə Qarabağa, Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərə şübhəli yüklər daşıyan TIR-ların hərəkəti, bunun ardınca isə sərhədçimizə süngü-bıçaqla hücum edilməsi Azərbaycan tərəfinin səbrini daşırıb və belə görünür ki, sonuncu insidentdən sonra Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissələrində hərəkət dayandırılıb.
Nəticədə Ermənistanla İran arasında quru nəqliyyat əlaqəsi praktiki olaraq kəsilib. Erməni mənbələri Yerevan-Tehran-Yerevan marşrutu ilə işləyən avtobusların hərəkətinin dayandığını, habelə İrandan Ermənistana və geriyə yük daşıyan yüzlərlə TIR-ın yollarda qaldığını bildirir. Doğrudur, Gorusla Qafanı birləşdirən alternativ yol var, amma bu qrunt yol çətinkeçiləndir, orada gediş-gəliş praktiki olaraq mümkün deyil. Ermənistanda Azərbaycan ərazilərini işğalda saxlayacaqlarına o qədər arxayın olmuşdular ki, 30 il ərzində alternativ yolun çəkilməsi haqda heç düşünən də olmamışdı. İndi isə bu ölkədə ayılıblar ki, Ermənistanın iki vilayətini birləşdirən yol başqa ölkənin suveren ərazilərindən keçir, amma bəziləri bu vəziyyətlə barışmaq istəmir.
Azərbaycan xoş məram nümayiş etdirərək bu yolda hərəkətə imkan yaratmışdısa, Ermənistan buna görə ancaq minnətdarlıq etməliydi. Amma nə baş verdi? Ermənilər Gorus-Qafan yolunun bir hissəsinin Azərbaycan ərazisindən keçməsini həzm edə bilməyərək əvvəlcə yolun üstündə qoyulmuş “Azərbaycana xoş gəlmisiniz” plakatını atəşə tutmağa başladılar. Daha sonra vəziyyətlə barışmalı oldular, amma indi bu yolda Azərbaycan sərhədçisinə hücum edəcək qədər həyasızlıq nümayiş etdirirlər və ardınca “blokada”, “humanitar böhran” haqda hay-həşir salmağa başlayırlar…
Follow @7timesaz