Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun bayram təbriki
Əziz həmvətənlər!
Artıq 2024-cü il arxada qalır, qarşıdan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı gəlir. Bu əlamətdar bayramlar münasibətilə bütün Azərbaycan xalqını, rayonumuzun bütün sakinlərini səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, uzun ömür, hər bir evə, ailəyə firavanlıq, səadət və bol ruzi arzu edirəm.
Hər yeni il ərəfəsində Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edirlər. Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki Vətən sevgisi və milli təəssübkeşlik duyğularını təcəssüm etdirir.
1991-ci il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması haqqında qərarın qəbul edilməsi, daha sonra bu bayramın bütün respublika ərazisində qeyd edilməsi dünya azərbaycanlılarının ümummilli ideya və milli-mənəvi dəyərlər ətrafında birləşməsi prosesinə təkan verdi.
Geridə qoyduğumuz 2024-cü il xalqımız, ölkəmiz üçün uğurlu və məhsuldar bir il olaraq yadda qalmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz inkişaf edir, əhalinin rifah halı yüksəlir.
Geridə qoyduğumuz ildə Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Onların sırasında COP29 konfransını xüsusilə qeyd edə bilərik. Paytaxt Bakıda yüksək səviyyədə təşkil olunan tədbirdə dünya ölkələrinin liderlərinin, ekofəalların, media nümayəndələrinin iştirakı ilə son nəticədə qəbul edilmiş qərar Azərbaycanın gücünü bir daha sübuta yetirdi.
Vətən torpaqlarımızın düşmən tapdağından tamamilə azad edilməsi başlıca nailiyyətlərimizdəndir. Bu gün Azərbaycan Cənubi Qafqazda söz sahibidir. 44 günlük Vətən müharibəsində şəhidlərimizin qanı bahasına əldə etdiyimiz doğma Qarabağımızda abadlıq-quruculuq işləri səngimədən davam edir. Qarabağda həyat canlanır.
Əziz həmvətənlər! Yola salmağa hazırlaşdığımız 2024-cü il qusarlılar üçün də uğurlu illərdən birisi olmuşdur. Sakinlərlə mütəmadi olaraq keçirilən görüşlər, qəbullar bizə vətəndaşların problemləri ilə yaxından tanış olaraq həllinə nail olmağa imkan verir. Sakinlərlə açıq dialoqumuzun məqsədi arzu və istəklərinə uyğun olaraq onların problemlərinin həllinə, rifah halının yüksəlməsinə nail olmaqla vətəndaş məmnunluğunun təmin olunmasıdır. Elə bu məqsədlə 2024-cü ilin son bir neçə ayı ərzində rayon ərazisində bir sıra abadlıq-quruculuq işləri aparılmışdır.
Kənd yollarının və şəhər küçələrinin təmiri, asfaltlanması, kəndlərdə qazlaşdırma işlərinin aparılması, məktəb binalarının tikintisi, istismar müddətini başa vurmuş elektrik xətlərinin yenilənməsi, 5 kənddə elektrik şəbəkələrinin yenidən qurulması, yeni yaşıllıq zolaqlarının salınması, suvarma suyu ilə təminatın yaxşılaşdırılması sahələlərində görülən işlər, mütəmadi olaraq ağacəkmə aksiyalarının və iməciliklərin təşkili və aparılan digər abadlıq-quruculuq işləri sakinlərimizin rahat həyat şəraitinin təmin olunmasına xidmət edir.
Əminəm ki, qusarlılar həmişə olduğu kimi bundan sonra da qarşıda bizi gözləyən vəzifələrin öhdəsindən gəlməyə, milli həmrəylik və birliyimizin möhkəmlənməsinə əməli fəaliyyətləri ilə yeni töhfələr verəcəklər. İnanırıq ki, 2025-ci il də rayonumuz üçün əsaslı quruculuq, abadlıq, tərəqqi ili olacaq.
Əziz qusarlılar. Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramları münasibəti ilə ürəkdən təbrik edir, sizə möhkəm can sağlığı, xoşbəxt həyat, sülh və əmin-amanlıq arzu edirəm.
Qoy qarşıdan gələn yeni il xalqımızın həyatında uğurlu illərdən biri olsun!
Bayramımız mübarək!
Follow @7timesazQusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov