“Cənab Prezident Rəcəb Tayyib Ərdoğan əvvəlki illərdə yüksək platformalardan Azərbaycanın haqq işi haqqında çox geniş məlumatlar verirdi. Hər zaman bu məsələ onun xarici siyasətlə bağlı gündəmində bir nömrəli məsələ idi. Bu dəfə zəfərdən sonra bu sözləri orada (BMT Baş Assambleyasında) deməsi bizi çox sevindirir. Bu bir daha onu göstərir ki, Rəcəb Tayyib Ərdoğan hər zaman Azərbaycanın yanındadır”.
7times.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.
“Necə ki, müharibənin ilk saatlarında bildirmişdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu bizə əlavə güc verdi və mənəvi güc verdi. Türkiyənin Azərbaycan üçün, Azərbaycanın Türkiyə üçün nə qədər doğma və əziz ölkə olduğunu bilirsiniz. Biz son illər ərzində nə qədər böyük yol keçdik. Demək olar ki, münasibətlərimizi ən yüksək zirvəyə qədər qaldırdıq. Yəqin siz də bunu xatırlayırsınız, mən demişdim ki, dünyada belə bir əməkdaşlıq, dostluq və qardaşlıq nümunəsi yoxdur. Onu da demişdim ki, bir çox ölkələr var ki, onların da tarixi birdir, etnik kökləri birdir, dili birdir, ancaq onların arasında nə qədər ixtilaf var, nə qədər inamsızlıq var, nə qədər problem var. Yəni, etnik, dini və mədəni köklər hələ o demək deyil ki, belə ölkələr qardaş ölkələr olacaq. Belə hallar çoxdur. Həm Yaxın Şərqdə, həm də postsovet məkanında. Ona görə mən hesab edirəm ki, çox güclü bir tarixi və mədəni zəmin üzərində belə gözəl bir münasibətlər sarayını tikmək bizim xüsusi xidmətimizdir.
Həm cənab Prezident Rəcəb Tayyib Ərdoğanın, həm də mənim. Burada mən təvazökarlıqdan uzaq olmalıyam və bu həqiqətdir. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Türkiyə bizim yanımızda olmaqla, bütün dünyaya mesaj göndərdi ki, qarışmayın, müdaxilə etməyin, Azərbaycan haqq yolundadır və əgər qarışsanız, əgər müdaxilə etsəniz qarşınızda Türkiyəni görəcəksiniz. Bu, əlbəttə çox böyük üstünlük idi.
Follow @7timesaz