Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün dekabrın 13-də səfər etdiyi Belçika Krallığının paytaxtı Brüsseldə bu gün bir sıra vacib görüşlər keçirəcək.
Brüsseldə dövlət başçısı İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə danışıqlar aparacaq. İkitərəfli görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər gündəmə gətiriləcək.
Qeyd etmək lazımdır ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Bakı arasında olduqca müsbət münasibətlər formalaşıb. Üstəlik dövlət başçısı İlham Əliyevlə avropalı diplomat arasında da dialoq və qarşılıqlı anlaşma yüksək səviyyədədir.
Təbii ki, bu cür qarşılıqlı etimad və müsbət məcrada inkişaf edən münasibətlərdə Azərbaycan Prezidentinin siyasi arenada sahib olduğu böyük nüfuz və Şarl Mişelin bu ilin 17 iyulunda ölkəmizə səfəri mühüm rol oynayıb.
Səfər çərçivəsində iyulun 18-də birgə mətbuat konfransında çıxışı zamanı Azərbaycan lideri Bakının Avropa İttifaqı ilə münasibətlərinin önəmini xüsusi vurğulayaraq Aİ-ni ölkəmizin əsas ticarət tərəfdaşı adlandırıb:
“Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır. Biz uzun illərdir müxtəlif sahələrdə işləyirik. Gündəlik çox genişdir və bizim güclü siyasi təmaslarımız əlbəttə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır”.
Ölkə başçısı Eyni zamanda qeyd edib ki, Azərbaycan dövləti Aİ-yə üzv dövlətlərlə ikitərəfli əlaqələrdə fəallıq nümayiş etdirir. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib.
“Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Düşünürəm ki, bu, bizim hökumətimizin çox böyük nailiyyətidir. Bu, həmçinin əməkdaşlıq üçün əlavə imkanlar yaradır”.
Azərbaycan Prezidenti İlham Əliyevin Şarl Mişelin bu ilin iyul ayında ölkəmizə səfəri zamanı səsləndirdiyi həmin fikirlər Avropa ilə münasibətlərin Bakı üçün xüsusi əhəmiyyət daşıdığını növbəti dəfə ortaya qoyub. Eyni zamanda İlham Əliyevin rəhbərliyində Avropa-Azərbaycan münasibətlərində böyük məsafənin qət olunduğunu sübut edib.
Bütün bu amillər Azərbaycan Prezidentinin dekabrın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşündə əsas gündəmin mövcud münasibətlərin formalaşmış sağlam zəmin əsasında daha da inkişafına yönələcəyinə şübhə yeri qoymur.
Dövlət başçısının Brüssel səfəri çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanla görüşəcəyi artıq bir müddət əvvəl elan olunub. Dekabrın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri növbəti dəfə müzakirə aparacaqlar.
Azərbaycanla Avropa arasındakı münasibətlərin səviyyəsi, əlaqələrin yüksələn xətlə inkişafı və bugünkü görüşdə Şarl Mişelin vasitəçiliyi onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyində Azərbaycan dövlətinin uzun illərdir həyata keçirdiyi balanslı siyasət və yaradılmış etibarlı tərəfdaş imici Avropa tərəfindən də rəğbətlə qarşılanır. Brüsseldə keçiriləcək görüş eyni zamanda Avropa İttifaqının Cənubi Qafqazdakı problemlərin həllinə daha çox diqqət ayırmağa başladığını ortaya qoyur.
Azərbaycanın Brüsseldə Qərb tərəfdaşları ilə iki mərkəzi dialoq xətti var. Bunlardan biri Avropa İttifaqı, digəri isə NATO ilə dialoqdur.
Birinci xətt üzrə danışıqlardan artıq bəhs etdik. İlham Əliyev Brüsseldə eyni zamanda NATO ilə dialoq baxımından mühüm önəmə sahib bir sıra addımlar atacaq.
Azərbaycanla alyans arasında “NATO+Azərbaycan” formatında effektiv dialoq mexanizmi mövcuddur. Sözügedən mexanizm ölkəmizlə NATO arasındakı münasibətlərin tənzimlənməsində vacib rol oynayır. Bu dialoqların davamı kimi dövlət başçısı dekabrın 14-də NATO-nun Baş katibi Yens Stoltenberqlə görüş keçirəcək. Azərbaycan Prezidenti İlham Əliyev həmçinin “North Atlantic Council”də – NATO-nun siyasi qərarların qəbulu üzrə əsas orqanında çıxış edəcək.
Bütün bunlar göstərir ki, rəsmi Bakı öz milli maraqlarını təmin etmək üçün dünyadakı bütün güc mərkəzləri ilə əlaqələri uğurla davam etdirir. Azərbaycan dövləti tərəfindən yürüdülən balanslı siyasət, Azərbaycanın beynəlxalq arenada artan nüfuzu bu əlaqələri bütün istiqamətlər üzrə inkişaf etdirməyə və qarşılıqlı maraq doğuran məqamlarda ortaq məxrəcə gəlməyi mümkün edir.
İlham Əliyevin Brüssel səfəri təkcə dekabrın 14-də keçirilən görüşlərlə yekunlaşmır. Dövlət başçısı sabah növbəti dəfə Ermənistan baş naziri Nikol Paşinyanla görüşəcək. Azərbaycan və Ermənistan liderləri vasitəçilər olmadan, birbaşa danışıqlar aparacaqlar.
Göründüyü kimi Azərbaycan Prezidentinin Brüssel səfəri bir çox aspektdən böyük önəm daşıyır. İlham Əliyevin siyasi arenadakı nüfuzu növbəti dəfə ön plana çıxır. Heç şübhəsiz, dövlət başçısının siyasi iradəsi və sahib olduğu bu nüfuz həm Ermənistana qarşı Azərbaycanın haqlı mövqeyini müdafiə və diktə etməyə, həm də Aİ və NATO ilə ortaq maraqlar çərçivəsində münasibətlərin gələcək perspektivlərini müəyyənləşdirməyə imkan verir. //oxu.az
Follow @7timesaz