“Osmanqızı TV” youtub kanalında yayımlanan verilişdə aparıcı Sevinc Osmanqızı ilə Real Partiyasının sədri ilqar Məmmədov arasında qalmaqal yaşanıb.
7times.az Pravda.az-a istinadən xəbər verir ki, verilişdə NİDA vətəndaş hərəkatının dörd üzvünün bəraət alması məsələsi müzakirə olunub.
İ.Məmmədov deyib ki, məlum 18-ci maddə ilə bəraəti ilk o alıb, örnək olub: “Azərbaycan Ali Məhkəməsi Avropa Şurasının çağırışına müsbət cavab verərək bütün belə şəxslərə – “NİDA” Vətəndaş Hərəkatının 4 nəfər üzvünə bəraət verdi. Təəssüf ki, İntiqam Əliyev, Xədicə İsmayıl, Anar Məmmədli və Qiyas İbrahimov hələ bəraət almayıb. Lakin onlar da mütləq bəraət alacaqlar, çünki 18-ci maddənin pozulması ilə müşayiət edilən həbs və mühakimə heç bir əsasla Avropa Şurasının standartlarına uyğun deyil, həmin şəxslərin hər biri məhkəmə qaydasında siyasi məhbus kimi tanınıblar. Bu yolu ilkin olaraq biz, şəxsən mən keçmişəm. Nəticədə, Avropa Şurasının 47 ölkədən ibarət hüquqi məkanı üçün örnək yaratmışıq. Avropada indiyə qədər bu yolu heç kim axıra qədər getməmişdi. Mən ötən ilin aprelin 23-də bəraət qazandım və bu, tarixdə ilk idi. Biz vaxtilə hər kəsin bizim yaratdığımız bu tarixi örnəkdən yararlanacağını deyəndə, bizi anlamır və müxtəlif damğalar yapışdırırdılar. Həmin vaxtı bizə vurulan uydurma damğalar bəlkə də hökumətin tapşırığı ilə həyata keçirilirdi. Verilən qərar sübut edir ki, Azərbaycanın hüquqi məkanı Avropa Şurasınkı ilə eyniləşdirilib, biz eyni hüquqi məkanda yaşayırıq. Real Partiyasının bu yolu cızması ən düzgün addım idi və partiya bu məsələdə haqq ədaləti bərpa edə bildi”.
İlqar Məmmədovun “Biz Avropa üçün örnək yaratdıq” ifadəsinə aparıcı Sevinc Osmanqızı gülürək reaksiya verir və daha sonra “kimisə şərləyib tutdurduqdan sonra ona bəraət qazandırmaq örnəkdir?”, – deyərək özünü ifadə edir.
Partiya sədri isə bildirib ki, biz burada ciddi söhbət edirik, gülməklə məşğul olmaq lazım deyil: “Avropa dedikdə Avropa Şurasına üzv olan 47 ölkə nəzərdə tutulur. Siz indi gülürsüz, amma ilk dəfə olaraq mənim işimlə bağlı tətbiq edilən sanksiya təxminən 2 həftə sonra Türkiyədə də tətbiq edilə bilər”.
S.Osmanqızı isə cavabında Avropanın siyasi məhbuslar məsələsində Azərbaycandan örnək götürməsinin, doğrudan da, gülməli olduğunu bildirib.
İ.Məmmədov S.Osmanqızına xitab edərək Avropa Şurasının sözügedən qərarlarını oxumasını tövsiyə edib: “Bütün qərarlarda İlqar Məmmədovun işinin örnək olduğu vurğulanır. Yəqin ki, siz Vaşinqtonda oturub Azərbaycanın hüquqi məkanını çox pis təsəvvür edirsiz. Azərbaycanda hüquqi mübarizə, hökuməti hüquqi müstəvidə haqsız çıxarmaq yolu uzun müddət səviyyəsiz, biliksiz və bacarıqsız insanlar arasında gülüşlə qəbul edilirdi. Qərar sübut etdi ki, Azərbaycanda haqqımızı hüquqi yolla müdafiə edə bilirik, bunu bacarırıq, sübut edirik və qazanırıq. Əgər bunu kimsə boş fəaliyyət kimi görürsə, özü bilər. Hüquq və siyasət, o cümlədən Avropa hüquqi məkanı haqqında anlayışı olmayanlar haqqımızda çox şey danışırdılar. Bəli, məhz bizim qələbəmizin nəticəsidir ki, bu gün daha 4 nəfər bəraət aldı. Bundan sonra alınan hər bir bəraət də bizim yazdığımız bu tarixi hadisəyə bağlı olacaq. 3 il bundan qabaq mən insanları seçkiyə çağıranda da, siz indi güldüyünüz kimi, onlar da gülürdülər. Özləri gecə-gündüz hökumətin tapşırığını yerinə yetirənlər mənim arxamca danışıb deyirdilər ki, İlqar Məmmədov satıldı. İndi qorxularından nəinki meydana, heç küçəyə də çıxa bilmirlər. Biz vaxtilə doğru edib sizin kimi jurnalistlərə etimad göstərməmişik. Sevinc xanım, əgər peşə bacarığınızı sübut etmək istəyirsizsə, sizinlə ciddi söhbət edən adama istehza ilə yanaşmamalısınız. Biz Azərbaycan vətəndaşlarına bəraət qazandırdıq, bəs siz Sevinc xanım, boş-boş danışmaqla, mənasız işlərinizlə nə edə bildiz? Mən ötən 3 ildə doğru edib sizinlə verilişə çıxmırdım. Bugünkü görüşdə bir daha əmin oldum ki, siz Azərbaycan həqiqətlərini bilmirsiz. Siz vacib səhvinizi etiraf etdiyiniz üçün mən sizinlə efirə qoşuldum. Ciddi söhbət edə bilmirsizsə, taylarınızı tapıb bütün günü bir-birinizlə məzələnə bilərsiz”.
Follow @7timesaz