İranın Azərbaycandakı səfiri Abbas Musəvi İngiltərənin ölkəmizdəki səfiri Ceyms Şarpın Araz çayının sahilindən paylaşdığı “Salam İran” tvitinə cavab verib.
7times.az Gunaz.tv-yə istinadən xəbər verir ki, Musəvi özünün Tvitter hesabında İngiltərə səfirinə “İrandan salam” cavabını yazıb.
Ceyms Şarpla Musəvinin sosial şəbəkə hesabında “salamlaşması” İranda müxtəlif reaksiyalara səbəb olub. Sosial şəbəkənin İran seqmentinin istifadəçiləri ingilis diplomatın paylaşımını ölkələrinin “ərazi bütövlüyünə yönəlmiş üstüörtülü mesaj” kimi qəbul ediblər. Buna görə də bir sıra iranlı sosial şəbəkə istifadəçiləri “yumuşaq” cavabına görə, İranın Azərbaycandakı səfirini qınayıblar. Onlar səfirin İran xarici işlər nazirinin müavini olduğu dövrdəki mövqeyindən fərqli mövqe sərglilədiyini, danışıq və davranışlarının dəyişildiyini yazıblar.
İran səfiri bu reaksiyalara ikinci tvitlə cavab verib: “Narahat olmayın. Bütöv və güclü İranın parçalanmasını heç vaxt, heç yuxularında da görə bilməyəcəklər”.
Qeyd edək ki, xarici ölkələrin Azərbaycandakı səfirləri və diplomatik korpuslarının nümayəndələri fevral ayının 6-da işğaldan azad edilmiş ərazilərə səfər ediblər. İkinci dəfə baş tutan səfərə İran səfiri qatılmayıb. Diplomatik nümayəndələrin tərkibində işğaldan azad edilmiş Cəbrayıl rayonuna səfər edən İngiltərənin Azərbaycandakı səfiri Ceyms Şarp Araz çayının şəklini paylaşaraq sosial şəbəkə hesabında “salam İran” yazıb.
Follow @7timesaz