Son günlər sərhədində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutur.
Artan gərginliklə bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, adətən iki ölkə arasında ən yüksək səviyyəli görüşdən sonra belə hallar baş verir:
“Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyannın bundan öncəki Brüssel görüşündən sonra da təxribatlar baş vermişdi. Bu cür provokasiyalar Ermənistanın regionla bağlı konstruktiv siyasətini sual altında qoyur. Çünki rəsmi İrəvan danışıqlar masası arxasına oturmasına baxmayaraq, sabotajlarını davam etdirir. Elə isə bu ziddiyət nə ilə bağlıdır? Səbəb aydındır – Ermənistan Qərblə Rusiyanın arasında qalıb. Kremlin və Aİ- nin tələbləri fərqlidir. İrəvan isə onların hər ikisini razı salmağa çalışır”.
Müsahibimiz bildirib ki, rəsmi İrəvan indiki məqamda iradə göstərməlidir:
“Ermənistan hərbi-siyasi hakimiyyəti hansı yolla olur-olsun, sabotajların qarşısını almağa çalışmalıdır. Çünki belə hallar, doğrudan da sülh prosesinə mane olur və növbəti antiterror əməliyyatına zəmin yaradır. Moskvadan tamamilə üz çevirmək üçün İrəvanın lazımi gücdə olmadığı məlumdur. Buna baxmayaraq, Ermənistan Rusiyadan asılılığı mümkün qədər azaltmalıdır. Bunu isə ancaq Qərb və Türkiyə ilə yaxınlaşmaqla bacara bilər. Bu günlərdə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü gözlənilir. Çox güman, həmin görüşdə sərhəddəki və Qarabağdakı durum bir daha müzakirə olunacaq. Kreml bütün imkanları ilə İrəvana təzyiqləri artırmağa çalışacaq. Paşinyandan isə iradə tələb olunur”.
Follow @7timesaz