Dünən uzun müddətdir haqqında danışılan “Ümidlər puç olanda” filminin təqdimat mərasimi keçirildi. O filmin ki, baş prodüseri və ssenari müallifi İzzət Bağırov, quruluşçu rejissoru Samir Qulamovdur. Bu film tənqid olunmağa başlayanda, hələ çəkilişləri yekunlaşmamışdı. Biri dedi ki, İzzət hara, film hara? Başqa biri Samir Qulamovun işinə mız qoymağa çalışdı. Ancaq maraqlısı odur ki, dünənki təqdimatda həmin mızqoyanların əksəriyyətini görmədim.
Şübhəsiz ki, film qüsursuz deyildi. Ancaq öncə filmin məğzini tamaşaçı kimi (məhz tamaşaçı kimi) izah etməyə çalışım.
Hadisələr Bakı şəhərində cərəyan edir. Şərik və dost olan olan iki işi adamının arasındakı intriqası sonda ağlasığmaz hadisələrə səbəb olur.
Ayrı-ayrı aktyorların filmdəki işinə nəzər salanda kimisə xüsusi fərqləndirmək olmur. Ancaq Mehriban Xanlarovanın final səhnəsindəki “dəliliyi” bəlkə də onun aktrisa kimi yaradıcılığının pik nöqtəsidir. Bir çox mənfi obrazların mahir ifaçısı Kazım Abdullayev bu filmdə sübut etdi ki, onun üçün obrazın mənfi, yaxud müsbət olması elə də əhəmiyyət kəsb etmir. Adətən mənfi obrazlar canlandıran Əjdər Zeynalov bu dəfə də işinin öhdəsindən məharətlə gəlmişdi. Manaf Dadaşovun Melkomyan obrazından sonra tüfeyli İlyası canlandırması şəxsən mənimçün bir tamaşaçı kimi xeyli maraq doğura bilmişdi. Düzdür, deyə bilərsiniz ki, İlyas da Melkomyan kimi cinayətkardır. Ancaq tüfeyli İlyas bir az da baməzədir deyə, Manafın işinin bu filmdə yetərincə çətin olduğunu deyə bilərik. Asya Atakişiyevanı Samir Qulamovun nisbətən uğursuz seçimi hesab etmək olar. Bəlkə də həmkarları, rejissorlar və tamaşaçılar üçün Asya çox istedadlıdır. Mənim də onun istedadına şübhəm yoxdur. Lakin danılmaz fakt bundan ibarətdir ki, Atakişiyevanın oynadığı bütün obrazların altmış faizində ÖZÜ var. Aktyorların diliylə desək, aktrisa hələ də istər filmlərdə, istər seriallarda özünü oynayır.
Etiraf edim ki, Gülşən Hüseynli adını eşidəndə bir az tərəddüd etmişdim. Düzdür, hələ onun oynadığı böyük obrazlardan danışmaq tezdir. Ancaq “Xəzər” telekanalında yayımlanan “Toydan sonra” serialındakı “Papişkonun qızı”, bu dəfə sonradan atasına nifrət edən qızı təcrübəsini nəzərə alsaq, yetərincə inandırıcı oynaya bilmişdi.
Və son olaraq İzzət Bağırovla bağlı bir neçə kəlmə…
İzzət Bağırov bundan sonra əlli filmə çəkilsə də, Azərbaycan tamaşaçısı üçün müğənni olaraq qalacaq. Çünki bizim cəmiyyət üçün formalaşmış “meyarlar” var. Məsələn, biz Telli Borçalını aşıq kimi qəbul edə biləcək qədər insaflı, həmin xanımı aşıq hesab etməklə peşəkar saz-söz ustadlarına haqsızlıq edəcək qədər insafsızıq. Mövzudan uzaqlaşmadan deyim ki, şəxsən bu filmdə İzzət Bağırovun aktyor bacarığını kəşf etmiş oldum. Bu o demək deyil ki, İzzət böyük aktyordur, yaxud böyük aktyor olacaq. Lakin danılmaz həqiqət bundan ibarətdir ki, Bağırov bu gün özünə “aktyoram” deyib, mizanın nə olduğunu bilməyənlərin yanında AKTYORDUR.
İnanmırsınız? Buyurun, filmə baxın. Kinoteatrlarda…
Ölkə.Az