Dünya

Kadırov Putinin generalına “od püskürdü”: “Ayıbını qanla yusun…”

Kadırov Putinin generalına “od püskürdü”: “Ayıbını qanla yusun…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarkov və Limandan sonra Xersonda məğlub olan rus ordusu radikal Putinsevərləri bir-birinə qarşı qoyub.

Sfera.az bildirir ki, Limanın itkisinə ən sərt reaksiyalardan biri Çeçenistan lideri və Putinin marioneti Ramazan Kadırovdan gəlib. O, “Telegram”da paylaşdığı mesajda Rusiya Mərkəzi Bölgəsinin komandanı general Aleksandr Lapini və Rusiya Baş Qərargahının yüksək rütbəli zabitlərini hədəfə alıb:

“Məndən asılı olsaydı, Lapini əsgər edərdim, bütün mükafatlarını əlindən alıb, ayıbını qanla yuması üçün ona tüfəng verərdim və cəbhəyə göndərərdim”.

Kadırovun Rusiya Ordusunu tənqid etməsinə Kremlin müttəfiqlərindən biri, media baronu və “Vaqner” özəl muzdlu şirkətinin yaradıcısı Yevgeni Priqojin də qoşulub. O, sosial media platformasında verdiyi açıqlamada “Kadırovun səmimi açıqlamaları mənim üslubum deyil. Amma Ramazan, sən ulduzsan, olduğu kimi de!”, deyə qeyd edib.

“YouTube” kanalında Kremlin təbliğatçısı Vladimir Solovyovun proqramına qoşulan deputat və istefada olan general Andrey Qurulyov da Limanın işğalından söz açıb:  “Mən Limandan geri çəkilməyi izah edə bilmərəm”. 

Qurulyov sonradan Limanın itkisi ilə bağlı Kadırovun tənqidini dəstəkləməyə başlayanda aparıcı onun sözünü kəsərək “Kadırovun sözlərinə şərh vermək hakimiyyətin işi olmalıdır”, deyə bildirib.

Limanın məğlubiyyətindən sonra Rusiyanın “Telegram” kanallarında da qızğın müzakirələr başlayıb. Burada bloqqer Anastasiya Kaşevarova xüsusilə seçilib. Kaşevarova Kadırovun sözləri qarşısında general Lapini müdafiə edənlərə sərt sözlər ünvanlayıb:

“Kişisiz ya yox? Cəsarətiniz yoxdur? Başımıza bir pislik gəlməsin deyə niyə susursunuz?  Siz hələ də qorxaq yazılarınızda Lapini müdafiə edirsiniz. Dövlət başçısı nə baş verdiyini bilirmi? Ona xəbər verən varmı? Təchizatlar haradadır? Armata tankları haradadır? Bu nöqtəyə necə gəlib çatdıq? Hamısı oğurlanıb? Satılıb? Onlar heç olubmu?”. 

Kreml yönümlü “Readovka” Telegram xəbər kanalı isə ordunun ictimaiyyət qarşısında alçaldılmasına etiraz edib: “Aramızdakı qəzəbli tiplər bəzən düşmən komandolarından və təxribatçılarından da betər ola bilər”.

Müharibə Araşdırmaları İnstitutu (ISW) isə bildirib ki, cəbhədə ağır itkilər və qismən səfərbərlik qərarı hətta Putinin fanatik tərəfdarları arasında da fikir ayrılığına səbəb olub. ISW hərbi bloqqerlərin və jurnalistlərin, keçmiş hərbçilərin, Kadırov və Priqojin kimi bəzi rəhbər şəxslərin açıqlamalarını diqqətlə araşdırıb. ISW-nin məlumatına görə, Vladimir Putin hazırda bütün radikal qrupların dəstəyinə ehtiyac duysa da, ardıcıl məğlubiyyət xəbərləri üç qrup arasında mübarizəni ortaya qoyub.

ISW vurğulayıb ki, Putini sevən üç fraksiya müharibənin gedişi ilə bağlı fərqli fikirlərə malikdir və xüsusən də jurnalistlərlə hərbi bloqqerlər arasında parçalanma Putin rejimi üçün təhlükə yarada bilər.