“Biz niyə kafe və restoranların, avtobusların işləməsinə icazə veririk? Çünki arzulanan alternativlər geniş deyil. İctimai nəqliyyatdan metro və avtobus var. Metro da bağlananda yük düşür avtobusların üzərinə, yoluxma artmağa başlayır. Biz bir çox məsələləri əlacsızlıqdan edirik”.
7times.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olarkən deyib.
O bildirib ki, restoranların fəaliyyətinə ona görə icazə verilir ki, orada işləyən insanlar ailə dolandırır, pul qazanmalıdırlar:
“İnsanı ac qoyursansa, ciddi səviyyədə müavinətlə təmin etməlisən. Bu da böyük sosial problemdir. Dövlət gücü çatan qədər əhalini sosial müavinətlə təmin edir. Lakin, nəzərə almaq lazımdır ki, hər kəsi əhatə etmək imkanı yoxdur. Pandemiyanın, müharibənin fəsadları var və onların aradan qaldırılması üçün büdcədən vəsaitlər xərclənir”.
F.Mustafa onu da əlavə edib ki, əvvəl tətbiq edilən SMS icazə zamanı polis zülm çəkirdi:
“SMS icazə yoxlamaları zamanı polisin əziyyət çəkməsi ilə yanaşı, vətəndaşlar da çətinlik yaşayırdı. Yollarda tıxaclar yaranırdı. Hər kəsə də SMS icazə verilirdi. Bu polis nə etsin? Demək istədiyim odur ki, bu qaydalar bu gün dəyişdirildi və yüngülləşdirildi”.
“UEFA icraiyyə komitəsi Bakıda Futbol üzrə Avropa Çempionatının oyunlarını keçirəcək. 70 minlik stadionda 35 min adamın iştirakına icazə verilməsi ilə bağlı qərar qəbul olunub. Demək ki, stadionda 35 min adam olacaqsa, burada yoluxma riski var. Əsasən toyda yox, mən deyərdim, yas mərasimlərində yoluxma riski daha çox olur. İnsanların yas mərasimi ilə bağlı yanaşmasında problem var. Kiminsə yasına getmirsənsə, səninlə küsülü danışır. İzah edə bilmirsən ki, riskdir, gəlmək düzgün deyil. Biz bu mədəni səviyyəni qaldırmalıyıq”, – deyə F.Mustafa qeyd edib (oxu.az).
Follow @7timesaz