Rusiya Federasiyası faktiki olaraq Çinin vassalı olub və Baltik dənizinə çıxışını itirdiyi üçün Ukraynaya qarşı müharibəni geosiyasi baxımdan artıq uduzub.
7Times.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron L’Opinion qəzetinə müsahibəsində deyib.
“Rusiya de-fakto Çinə tabedir və Baltik dənizinə çıxışını itirib. Bu da İsveç və Finlandiyanı NATO-ya üzv olmaq qərarına gətirmək baxımdan son dərəcə vacib idi. İki il əvvəl bunu təsəvvür etmək mümkün deyildi. Bu, artıq geosiyasi məğlubiyyətdir”, – Makron bildirib.
Makronun fikrincə, Avropa gələcəkdə də Ukraynanın təhlükəsizlik arxitekturasını qorumalıdır, lakin bununla belə, Rusiya ilə qarşıdurmaya getməməlidir.
Kreml isə Makronun bu açıqlamasına cavabını gecikdirməyib.
RF prezidentinin mətbuat katibi Dmitriy Peskov Makronun dediklərini rədd edərək, onunla qəti şəkildə razılaşmadığını bəyan edib.
“Biz bununla qəti şəkildə razılaşmırıq, çünki bizim Çinlə münasibətlərimiz strateji, xüsusi tərəfdaşlıq xarakteri daşıyır və bu, heç kimdən asılılıqla bağlı deyil”, – deyə Peskov bildirib.
Follow @7timesaz