Kreml tərəfindən bir gün əvvəl açıq şəkildə ifadə olunduğu kimi, Rusiyanın KTMT-də Ermənistan qarşısında olan öhdəliyi tanınmamış Qarabağa şamil edilmir.
Bundan əlavə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas oktyabrın 8-də bildirdi ki, Azərbaycan Ermənistan ərazisinə zərbə endirməyəcək, bu ölkənin ərazi bütövlüyünə qəsd etməyəcək.
Bu açıqlamalar qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalı olan Ermənistanı ağıllandıracaqmı?
Media.Az bu barədə tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko ilə müzakirə aparıb.
– Əlbəttə ki, İrəvanın danışıqlar masasına qayıdacağını düşünmək istərdim. Ümumiyyətlə, Ermənistan tərəfinin ağılına, şüuruna inanmaq istərdim. Ancaq Ermənistan rəhbərliyinin, təəssüf ki, tamamilə ağılı başından çıxıb. Onlar təkrar-təkrar “minillik tarixlə” verilmiş hansısa müqəddəs haqlardan danışırlar. Eyni zamanda BMT Təhlükəsizlik Şurasının qətnamələrini mənasız kağız parçaları adlandırırlar.
Təəssüf ki, fanatiklər sağlam düşüncə, beynəlxalq hüquqla deyil, reallıq haqqında öz təsəvvürlərini əsas tuturlar.
Qarabağın arxasında dayanaraq müharibə aparan Ermənistana rəhbərlik edən bu şəxslərlə heç bir sülh danışıqları uğur gətirməyəcək.
Sülhə çatmağın yeganə yolu işğal edilmiş vətənini azad edən Azərbaycan ordusunun keçirdiyi hərbi əməliyyatlarından keçir.
Bu arada, Ermənistanın Baş naziri Nikol Paşinyan “Azərbaycan ərazisində hərbi əməliyyatların genişlənməsinin istisna edilməyəcəyi” ilə bağlı yeni açıqlama verdi. Bu nəyə hesablanıb? Daxili auditoriyaya?
Xeyr, daxili auditoriyaya hesablanmayıb. Bu, dünyadakı erməni lobbisini səfərbər etmək cəhdidir. Əlbəttə ki, İrəvan müharibənin Ermənistan ərazisinə keçməsini çox istəyir.
Onların iki mövzusu var. Birincisi, Azərbaycanın hərəkətlərini yeni “soyqırım” kimi təqdim etməkdir. İkincisi, müharibəni müsəlmanlar və xristianlar arasındakı gedən “müqəddəs” savaş olaraq təqdim etməkdir. Bir qrup ərəb terrorçularının, əfqan mücahidlərinin və sair qrupların guya Azərbaycan tərəfində vuruşduqlarını söyləyirlər. Aydındır ki, bu cəfəngiyatdır.
Ermənistan bu qədər çətinliklə yaradılan bütün beynəlxalq müqavilələri, razılaşmaları, sülh prosesinin çərçivələrini pozdu. Beləliklə, Hitler kimi bir növ “müqəddəs müharibəyə” müraciət etmək qalır. 1943-1944-cü illərdə “intiqam silahları”ndan, müharibənin İngiltərə ərazisinə köçürülməsindən bəhs etməyə başladı. İngiltərəni “FAU-1” və “FAU-2” raketləri ilə bombardmanı başladı. Bütün bunlar tamamilə terror məqsədi ilə edilirdi, çünki bu tamamilə başa düşülən idi ki, Alman qoşunları Böyük Britaniya sahillərinə çıxmaq imkanlarına malik deyillər.
Gəncənin atəşə tutulması – Hitlerin fəaliyyətinin analoqudur. Hər bir fanatik sağlam düşüncəyə deyil, belə hərəkətlərə müraciət edir. Hər cür ağlabatan təkliflər verildi, Prezident İlham Əliyev Ermənistan qoşunlarının geri çəkilməsinin vacibliyini və bundan sonra döyüş əməliyyatlarının dayandırılacağını bildirdi. Ancaq Nikol Paşinyan heç nə eşitmir.
Aydındır ki, Paşinyanın kiminsə qarşısında öhdəliyi var, amma erməni xalqı qarşısında deyil. Bu müharibə sülhə, Azərbaycanla sakit sərhədlərə, ticarətə, Ermənistanın Gürcüstan, Azərbaycan və Türkiyə ilə ortaq iqtisadi proseslərə daxil edilməsinə ehtiyac duyan ermənilərin marağında deyil. Ancaq bunun əvəzində erməni xalqı kiminsə maraqlarının girovluğunda saxlanılır. Bu arada isə erməni milyarderlər öz məsələlərini həll edirlər. Emmanuel Makrona və ya başqasına yaxınlaşırlar və “xalqımızı yeni bir “soyqırım” təhdid edir, bizə pul qazanmağa imkan verin” deyirlər. Mən bunu məhz belə görürəm.
Ancaq Azərbaycan rəhbərliyi heç vaxt ermənilərin Qarabağı tərk etməsini tələb etdiyini elan etməyib. Ermənistan silahlı qüvvələri isə başqa məsələdir.
Hələ Prezident Heydər Əliyev deyirdi ki, Azərbaycanın Qarabağdakı erməni əhalisinin hüquqlarını təmin etməyə hazırdır. Ancaq azərbaycanlılara – mən bunu internetdəki bir çox forumlarda oxuyuram, – ermənilər sadəcə yaşamaq hüququna da etiraz edirlər. Beləliklə, təkrar edirəm, siz və biz də Rusiya ərazisində tez-tez şüurlu insanlarla deyil, fanatiklərlə vaxt itiririk.oxu.az
Follow @7timesaz