“Bir neçə gün bundan öncə cənab Prezident İlham Əliyev təhsillə bağlı çox mühüm və vacib sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq, dövlət uşaq bağçaları yerli icra hakimiyyətlərindən alınaraq Təhsil Nazirliyinin tabeliyinə verildi. Cəmiyyətdə daha çox məktəbəqədər təhsil müəsisssələrinə uşaq bağçası kimi baxılaraq, bura uşağın sosiallaşması məkanı kimi qəbul edilir. Amma onu da qeyd etmək lazımdır ki, məktəbəqədər təhsilin funksiyası və məqsədi daha genişdir”.
7times.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib. Deputat qeyd edib ki, məktəbəqədər təhsil müəsissələri ilə bağlı verilən qərara strateji və uzun müddətli prizmadan baxmalıyıq: “Düzdür, əgər biz təhsil sahəsində hər hansısa bir problemlə bağlı daha çox Təhsil Nazirliyinin qapısını döyürüksə, o zaman sual yaranır ki, məktəbəqədər təhsil müəssisəsi də təhsil sisteminin bir parçası olaraq niyə bu qurumlara Təhsil Nazirliyi cavabdeh olmasın? Bu sərəncamla artıq buna düzəliş olundu. Sözsüz ki, icra hakimiyyətinin tabeçiliyində olan məktəbəqədər təhsil müəsissələrinə dair müxtəlif yanaşmalar ola bilər. Burada icra hakimiyyətləri və Təhsil Nazirliyi arasında müxtəlif müqayisələri aparmağa da dəyməz. Burada vacib məsələ ondadır ki, məktəbəqədər təhsil müəssisələri məhz Təhsil Nazirliyinə öncədən tabe olmalı idi. Sadəcə bu sərəncamla dəyişiklik edildi”.