Cəmiyyət

““Mən kişiyəm” deyənlərdə nə isə bir şey çatmır” – Yazıçıdan sensasion açıqlama

““Mən kişiyəm” deyənlərdə nə isə bir şey çatmır” – Yazıçıdan sensasion açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təxminən bir il əvvəl Azərbaycanın biabırçı televiziyalarında “Kişidən kişi qoxusu gələr” sözləri ilə “bəzənmiş” iyrənc bir reklam verirdilər. İndi yenə bu ürəkbulandıran reklamı təkrar-təkrar nümayiş etdirməkdə davam edirlər”.

7times.az xəbər verir ki, bunu yazıçı Xeyrəddin Qoca deyib. Yazıçı televiziyalardakı bayağı reklam çarxlarını sərt tənqid edib:

“Təxminən bir il əvvəl Azərbaycanın biabırçı televiziyalarında “Kişidən kişi qoxusu gələr” sözləri ilə “bəzənmiş” iyrənc bir reklam verirdilər. İndi yenə bu ürəkbulandıran reklamı təkrar-təkrar nümayiş etdirməkdə davam edirlər. Guya bu reklamı verənlər kişidirlər və reklamda nümayiş olunan qara dərili gədənin kişiliyə bir dəxli var!

Mən bu barədə feysbuk səhifəmdə bir status paylaşdım və yazının axırında da “tfu!” deyə, nifrətimi bildirdim! Yüzlərlə adam rəy bildirib reklamın olduqca iyrənc olmasını nəzərə çatdırdı. Hətta yazdılar ki, “bu reklamı televiziyalarda nümayiş etdirənlər reklamdakı gədənin hərəkətlərini aparıb evdəki arvadlarına göstərsələr yaxşıdır!” Rəy yazan bütün qadınlar və kişilər dərin nifrətlərini bildirdilər və qeyd etdilər ki, hansısa parfümü “vur bədənə, səndən kişi qoxusu gəlsin!” deyən reklam “qəhrəmanından” iyrənirlər.

Mən bilirəm, Azərbaycanda heç kim abırlı bir reklam ortaya çıxara bilmədiyindən, bəzən reklamları başqa ölkələrin televiziyalarından götürüb, guya, orasını-burasını düzəldərək bizim televiziyalarda verirlər. Həmişə də gülünc, eybəcər reklamlar ortaya çıxır. Və beləliklə pul qazanırlar, əmək haqqı alırlar. Reklamla məşğul olan televiziya işçilərimiz belə yaşayırlar!

Ümumiyyətlə, yüz dəfə yazmışıq, demişik, “mən kişiyəm” deyənlərdə nə isə bir şey çatmır, yaxud, ailəsində bir naqislik var! Adam nə qədər deyər “mən kişiyəm”?! Belələri nə demək istəyirlər, qarşısındakıları kişi hesab etmirlər, yoxsa sübut etməyə çalışırlar ki, təkcə onlar kişidirlər? “Mən kişiyəm” deyənlərdən soruşmaq lazımdır və soruşuram: Balaca bir idarənin müdirisən, vəzifən var, ona görə kişisən? Sən ki, özündən böyüklərin qarşısında ikiqat əyilirsən! Yaltaqlıq etməkdən sifətində qırışlar əmələ gəlib! Deməli, yarındıqların səndən daha yaxşı kişidirlər! Pulun çoxdur? Sənin kimi pullular qapılar arxasında boynunu büküb, qəbullarda gözləyirlər! Pulları əllərində adam axtarırlar ki, işlərini düzəltsinlər. Ona-buna pul xərcləyirlər ki, bəlkə birtəhər hörmət qazansınlar. Ailənə yaxşı baxırsan? Ömründə zənbil götürüb bazara getməmisən, xanımını bazara göndərirsən. Hələ lovğa-lovğa orda-burda danışırsan ki, “kişi nədir, bazar nədir? Arvadın canı çıxsın, işdən gələndə özü bazarlıq etsin!” Ay bədbəxt, evinin bir lampası xarab olanda da xanımın salır lampanı! Uşaqlara da baxır, sənə də qayğı göstərir, gecə-gündüz şam kimi yanır, sən isə deyirsən, qoy bazarlığı da o eləsin! Deməli, sən belə kişisən! Danışdığını da bilmirsən. Bilsəydin, dəqiqəbaşı “mən kişiyəm” deməzdin!

Ona görə də bir abırlı məclisdə üç-dörd kəlmə söz danışammırsan. Mədəniyyətin də yox! Axı, belə söz deyənin mədəniyyəti ola bilməz! Mədəniyyəti olmayan adam yaşına uyğun geyinə bilməz. Deməli, şit geyinirsən…

Sənin kimiləri hərəkətlərini, oturub-duruşlarını da bilməz. Böyük-böyük danışar, orda-burda özünü döyərək, kişilikdən dəm vurarlar. Sənsən kişi? Gör, nə günə qalmısan ki, sənin kimilərinin sayəsində ekranlarda, səhnələrdə qadınlar kişilərə deyirlər: “Kül sənin kişi başına!” Kişilik meyarlarını başa düşməyənlər “Dəli Kür”dəki Cahandar ağanı da kişi hesab edirlər! Amma əsərin müəllifi, böyük yazıçı İsmayıl Şıxlı bu obrazı qələmə alanda heç də belə düşünməmişdir. Başqasının arvadını qaçıran adama “kişi” demək olar? Təsadüfi deyil ki, bu “kişinin” bacısı “Kişidən” qorxmadan yaramaz adamların yığışdığı əyləncə məclisinə gedir. Cahandar kimilərinin arvadları, qızları qorxmasalar, ürəklərindən çox şeylər keçər və onun kimi “kişilərdən” intiqam alarlar. Cahandarın oğlu da ondan icazə almadan, oxumağa gedir. Cahandar özü isə arvadını qaçırdığı adam tərəfindən faciəli şəkildə öldürülür. Buna kişi demək olar? Deməli, müəllif belə “kişilərin” aqibətini də görmüşdür. “Mən kişiyəm” deyənlərin axırını həmişə belə gördük.

Demək istəyirəm, yeri gəldi-gəlmədi, kişilikdən az danışın. Xüsusilə indi kişilərin barmaqla sayıldığı vaxtda ehtiyatlı olun! İyrənc, ürəkbulandıran, insanların əsəbləri ilə oynanılan reklamda deyilir ki, “Kişidən kişi qoxusu gələr!” Bəs qadından nə qoxusu gələr, ay bu reklamı yazan və nümayiş etdirən şərəfsizlər?!”. /Moderator.az