“Son günlərdə iki televiziya verilişində müzakirə ortamında etdiyim çıxışların montajda qayçılanmasını müşahidə etdim. Çox yersiz və bəsirətsiz hərəkət olaraq qiymətləndirdim”.
7Times.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib. O, bildirib ki, çünki hər hansı bir fikrin doğru izahı veriləndə maraqlı bənzətmələrdən istifadə etməyə zərurət yaranır:
“Sanki Bakıdan Qubaya getdiyin yolu təsvir etdiyin bir durumda yolun Siyəzən hissəsini kəsib çıxarmaqla səfərin dolğunluğuna xələl gətirmiş olurlar.
Burada vaxt amili də qayçılanma üçün təsiredici ola bilər, ancaq hiss edirsən ki, proqram vaxtı ilə bağlı məqama bənzəmir. Daha çox siyasi amillə bağlı belə bir addımın atılması mümkündür. Bu isə onu göstərir ki, idarəetməni təcrübəsiz adamlara vermə necə fəsad doğurursa, qayçını da qabiliyyətsiz dərzinin əlində tutması o fəsadı doğuracaq.
Əlinə qayçı verilmiş adamların siyasi yetkinliyi olmalıdır ki, fikrin məqsədəuyğunluğunu dar çərçivədə dəyərləndirib yersiz qərar verməsin. İllərin təcrübəsinə dayanaraq efirdə onsuz da ölçülü-biçili və cilalanmış şəkildə fikrini ifadə edirsən ki, televiziya və jurnalistlər üçün hansısa neqativ problemlər yaranmasın.
Söhbət ondan gedir ki, izləyən damaşaçı hər halda düşünür ki, bu adam niyə belə rabitəsiz danışır. Haqlıdırlar da! Çünki cümlələr arasında rabitənin itdiyini özün hamıdan daha tez sezirsən.
Fikrimcə, ən rahat danışa bildiyim kanal REAL tv-dir. Düşüncə sərbəstliyinə daha çox imkan tanıyırlar. Bu arada izlədiyim verilişlər sırasında Space Tv-də gedən “Addım” verilişini çox bəyəndiyimi də söyləyim. Narkomaniyaya qarşı mübarizədə çox uğurlu variant seçmişlər və ciddi təsiri olacağını düşünürəm.
Mən də o fikirdəyəm ki, media həyatını qanundan daha çox insanların içindəki senzuranın dərəcəsi tənzimləyir”.
Follow @7timesaz