“İstər 44 günlük Vətən müharibəsi, istərsə də sonrakı dövrlərdə Milli Məclisin deputatları təşkil edilən kampaniyalarda yaxından iştirak edib, öz dəstəklərini əsirgəməyiblər. Oxşar kampaniya qardaş Türkiyə üçün də təşkil edilir”.
Bunu 7Times.az-a açıqlamasında Milli Məclisinin deputatı Elman Nəsirov deyib. Türkiyə üçün yardım kampaniyasına qoşulan deputat qeyd edib ki, Azərbaycan Respublikasının Milli Məclisi bu və bu kimi məsələlərdə hər zaman öndə olub:
“Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə Azərbaycan parlamentinin üzvləri bu prosesdə iştirak etmək qərarı alıb. Biz bu məsələ ətrafında müzakirə apardıq və nə kimi yardım edə biləcəyimizi düşündük.
Bildiyiniz kimi, hazırda vətəndaşlarımız istər isti geyim, istərsə də digər ehtiyac duyulan ləvazimatları ianə etdikləri üçün biz daha fərqli bir şey etmək qərarına gəldik. Zəlzələdən sonra ərazidə elektrik enerjisi kəsildiyi və infrastruktura ciddi ziyan dəydiyi üçün generator çatışmazlığı var. Biz də qərara aldıq ki, prosesə dəstək məqsədilə generatorlar alıb, hadisə yerinə göndərək. Bu istiqamətdə vəsait toplanacaq.
Vətən müharibəsi zamanı adətən deputatlar ya tam maaşını, ya da maaşının yarısını dəstək məqsədilə verirdi. Bu dəfə də belə olacaq. Bu isə kifayət qədər vəsaitin toplanması deməkdir.
Milli Məclisin deputatları da xalqımız kimi qardaş Türkiyəyə dəstəyini əsirgəməyəcək”.
Follow @7timesaz