Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu ilə REAL Partiyasının icra katibi Natiq Cəfərli arasında iqtidar-müxalifət dialoqunun necə baş tutmalı olduğu barədə mübahisə yaşanıb.
7times.az xəbər verir ki, T. Yaqublu sosial şəbəkədə iqtidar-müxalifət dialoquyla bağlı Gürcüstan təcrübəsini xatırladıb. O qeyd edib ki, ikitərəfli dialoq ölkənin ən ciddi problemləri ətrafında olur və onları aradan qaldırmağı hədəfləyir: “Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Gürcüstan siyasi böhrandan çıxır. Bildiyimiz kimi, Gürcüstanın birləşmiş müxalifəti sonuncu parlament seçkilərinin nəticələrini saxtalaşdırılmış sayaraq, parlamenti boykot etmiş və bütün deputat mandatlarından imtina etmişdi. Hakim “Gürcü arzusu” partiyası parlamentdə artıqlaması ilə yetərsaya malik olsa da, ölkədə siyasi böhranın olduğunu qəbul etdi və müxalifətlə razılaşmaya getdi. Belə ki, əgər bu payız keçiriləcək bələdiyyə seçkilərində hakim partiya 43 faizdən az səs alarsa, onda 2022-ci ildə ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Buna qədərsə Vahid Milli Hərəkat Partiyasının lideri Nika Meliya və “Mtavari arxi” müxalifət telekanalının həmmülkiyyətçisi Georgi Rurua da daxil olmaqla müxalifətin etiraz aksiyalarında cinayət kimi tövsif olunan hərəkətlərə görə həbs və məhkum edilmiş bütün şəxslər amnistiya aktı əsasında azadlığa çıxacaqlar. Ədalət Vəliyevin avtobusunda oturmağı iqtidar-müxalifət dialoqu sayanlar…”
REAL Partiyasının icra katibi Natiq Cəfərli isə T. Yaqublunun şərhinə belə reaksiya verib:
“Bəli, dialoq belə olur: Seçkiyə gedirsən, mübarizə aparırsan, səs qazanırsan, səsini qoruyursan, hətta yer qazananda mandatdan imtina etməyi bacarırsan, daha 2000-ci ildə AXCP kimi hakimiyyətlə gizli danışıb Müsavatın halal qələbəsini oğurlayıb 5-6 nəfərlə parlamentə getmirsən, hakimiyyətlə alver etmirsən, sonra da 2005-də yenə gizli alverə gedib, əvvəl mandatdan imtina edib, sonra gizli danışığa gedib yenə 5-6 yer alıb parlamentə getmirsən. O zaman məhz Gürcüstandakı kimi dialoq olur. Seçkidən imtina et, boykota get, əvvəlki illərdə isə hakimiyyətin nəinki avtobusuna, birbaşa qucağına otur, alver elə, mandat al, sonra da Gürcüstanda məhz seçkiyə görə yaranan normal siyasi mühitə qibtə elə. Vallah bu siyasət sənlik deyil”. qafqazinfo.az
Follow @7timesaz