Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının birgə imzaladığı bəyanatda Naxçıvanla bağlı ayrıca müddəa da yer alır. Qeyd olunur ki, bu proses çərçivəsində Naxçıvan da blokadadan azad olur. Rusiya tərəfi Ermənistan ərazisindən Naxçıvanla dəhlizin yaradılmasını öz üzərinə götürür.
Maraqlıdır, dəhlizin yaradılması muxtar respublikaya hansı iqtisadi üstünlükləri vəd edir?
7times.az xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Əli Əlirzayev Yenisabah.az-a açıqlamasında bildirib ki, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı xarici ölkələrlə iqtisadi əlaqələrdən asılıdır:
“Naxçıvan iqtisadiyyatı uzun müddət blokada şəraitinə düşmüşdü. Meğridən gedən yolun hamısı blokadada idi, gediş-gəliş yox idi. Ona görə də iqtisadiyyatın inkişafı təbii ki, hava yolu ilə olurdu. Bu isə müxtəlif imkanlardan istifadə etməyi məhdudlaşdırırdı. Naxçıvanda duz ehtiyyatları, mineral sular var. Ümumiyyətlə, təbii sərvətləri çoxdur. Bunun başqa ölkələrə daşınması mühüm hadisədir. Naxçıvanda turizmin inkişafı çox aktual məsələdir, sağlamlığın inkişafı üçün əhəmiyyətli resurslar var”.
Həmsöhbətimiz qeyd edib ki, bu yolun açılması Bakı-Naxçıvan -Türkiyə marşrutu ilə yükdaşımaları reallaşdıracaq:
“Həmçinin başqa kommunikasiya xətlərinin çəkilməsi mümkün olacaqdır. Bu proses isə ucuz başa gələcəkdir. Yeni iş yerləri açılacaq. Dəmiryolunun, ümumiyyətlə nəqliyyatın yaradılması orada olan infrastrukturun inkişafına gətirib çıxaracaq. Əhalinin gediş-gəlişi asanlaşacaq, rifahı yaxşılaşacaq. Azərbaycanla birbaşa Naxçıvan, İran, Türkiyə əlaqələri genişlənəcək. Həqiqətə, Naxçıvan Şərqin qapısı kimi öz funksiyasını yerinə yetirəcək, bundan əminəm. Mənə elə gəlir ki, müasir şəraitdə Naxçıvan iqtisadiyyatı dəfələrlə inkişaf edəcək”.
Follow @7timesaz