Siyasət

Nazirlər Kabineti Şahin Mustafayevin İrana səfəri barədə məlumat yaydı – FOTO

Nazirlər Kabineti Şahin Mustafayevin İrana səfəri barədə məlumat yaydı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İran İslam Respublikasına səfəri barədə məlumat yayıb.

7times.az xəbər verir ki, məlumatda bildirilib ki, mayın 30-da Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasında səfərdə olub. Səfər zamanı Şahin Mustafayev İranın neft naziri Bijən Namdar Zəngənə, yollar və şəhərsalma naziri Məhəmməd Eslami və Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə danışıqlar aparıb.

Şahin Mustafayevin İranın neft naziri Bijən Namdar Zəngənə ilə görüşündə Azərbaycan ilə İran arasında neft-qaz sahəsində əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edilib. Tərəflər qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını ifadə ediblər.

İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslami ilə görüş əsnasında iki ölkə arasında nəqliyyat sahəsində birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Tərəflər Azərbaycanla İran arasında ticarət dövriyyəsinin cari ilin dörd ayında 27 faiz artdığını məmnunluqla qeyd ediblər. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların həcminin 19% artdığı vurğulanıb. Eyni zamanda, dəhlizin hissəsi olan Astaraçay çayı üzərində yeni avtomobil körpüsünün inşası ilə əlaqədar məsələlərə dair fikir mübadiləsi aparılıb.

Baş nazirin müavini Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə regionda yeni reallıqların yarandığını xüsusi vurğulayıb. Qeyd olunub ki, nəqliyyat yollarının və kommunikasiyaların açılması Cənubi Qafqazın nəqliyyat və iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaq və regionda inkişaf üçün böyük perspektivlər yaradacaq.

İran İslam Respublikası Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə görüşdə iki ölkə arasında siyasi, iqtisadi-ticari, energetika, neft-qaz, İKT, kənd təsərrüfatı, səhiyyə, humanitar və bir çox digər sahələrdə uğurlu əməkdaşlıq yüksək qiymətləndirilib. Azərbaycan ilə İranın bir sıra beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin həyata keçirilməsində birgə fəaliyyət göstərməsindən məmnunluq ifadə edilib. Görüşdə iki ölkə arasında qarşılıqlı əlaqələrin perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.