Manşet

Niyə qadınlar?

Niyə qadınlar?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sevgi romanlarında diqqətimi çəkən bir məqam var. Belə ki, əksər sevgi romanlarında qadın qəhrəmanların kişilərdən daha tez öldüyünü görürük. Düzdür, bu mövzuda konkret statistika demək mümkün deyil. Hər əsərin öz süjet xətti necə deyərlər ölən və öldürəni var. Ancaq bir çox tanınmış əsərlərdə sözügedən məqama rast gələ bilərik. Görəsən, bunun  səbəbi nədir? Süjetin diktəsi yoxsa hansısa qanunauyğunluq? Mövzu ilə bağlı ədəbiyyat adamlarının fikrini öyrəndik.

Qismət Rüstəmov

Böyük ədəbiyyatda qadınlı-kişili istənilən personajın ölümü sujetə, ümumi ideyaya, kompozisiyaya xidmət edir, yəni bir mənası, əhəmiyyəti var; ikinci sinif ədəbiyyatda isə ölməsi də, qalması da ən yaxşı halda göz yaşı axıtmağa hesablanmış sentimentallıqdır. Məsələn, “Anna Karenina” zatən  başdan-sona intihar bədii epikrizi kimi yazılıb, burdakı hər şey Tolstoyun etik məqsədinə xidmət edir. Fikir verin, adi belletristikada, yaxud kassa xarakterli filmlərdə az qala hər döyüş səhnəsində, hər partlayışda minlərlə insan ölür, çünki onlar üçün insan vasitədir.

Pərviz Cəbrayıl

Deməzdim ki, əksər sevgi romanlarında qadınlar ölür. Bunun statistikasını aparmaq belə mümkün deyil – kişilər çox ölür, ya qadınlar. Sadəcə, dünya ədəbiyyat tarixində özünə əbədi yer etmiş bir neçə nəhəng əsər var ki, orda qadınlar ölür və bizdə bu təəssüratı yaradır.

Həmin o adlı-sanlı əsərlərdəki ölənlərə qalanda isə, elə Tolstoyun sözü kifayətdi cavab üçün: “Vallah, mən Anna Kareninanı öldürmək istəmirdim, o özü özünü qatarın altına atdı”.

Yəni bu, nə qanunauyğunluqdu, nə süjetin diktaturası. Hər şey müəllifin ideyasından asılıdır. İdeya tələb edir, kimsə ölür, kimsə qalır.

Aqşin Yenisey

XVII əsrdə Avropada başlayan maarifçilik hərəkatının diqtəsi ilə ağlın sənət, yaradıcılıq üzərində hegemonluğuna qarşı XVIII əsrdə romantizm üsyanı bayrağını qaldırdı. Durantın Russo haqqında dediyi sözlərlə təsvir etsək, bu əsrdə Avropa burjuası Russonun sentimentallığının göz yaşları ilə islandı. Romantizm dövründən başlayaraq roman qəhrəmanları bir-birinin ardınca intihar etdilər, intihar etməyə cəsarəti olmayanları da yazıcılar bir bəhanə tapıb ölümə göndərdilər. Məqsəd göz yaşlarını ağlın, duyğunu zəkanın tənəsindən, tənqidindən xilas etmək idi. Hətta ilk dəfə roman qəhrəmanlarının ağlına intihar fikrini yeridən Getenin “Gənc Verterin iztirabları”nı oxuyan bir xeyli oxucu özünə qəsd etdiyi üçün bəzi Avropa ölkələri bu kitabı öz torpaqlarında qadağan etdi.

Russonun XVIII əsr üzərində sentimental təsiri o qədər güclü idi ki, ilk dəfə Russonu oxuyan Kant günlərlə evindən bayıra çıxa bilməyib qonşularını öldüyü şübhəsi ilə qorxutmuşdu. “Xalis Zəkanın Tənqidi”ni də Kant Russonun təsiri ilə yazdı.

XVIII əsrə qədər roman qəhrəmanları mütləq “ölməlidir” deyə bir ədəbi qayda yox idi. Birdə XX əsrdə bu romantizm ənənəsi aradan qaldırıldı. İllah da oxucuları ağladacağam deyə yazıcıların qəhrəmanları “öldürməsi” bayağılıq kimi qiymətləndirildi. XX əsr romanları üçün ölüm deyil, yara və ağrı aktual idi ki, bu da iki dünya müharibəsinin insanlığa vurduğu psixoloji zərbənin nəticəsi idi. XX əsrdə ölüm artıq adiləşib, ucuzlaşmışdı.

Ayxan Ayvaz

Bəzən süjeti tam görə bilirsən. Oturub yazırsan, sonra mətn səni ayrı yerlərə aparır. Özümdə bu hallar olub deyə təcrübədən çıxış edib deyirəm. Yəni süjet yazıçının həm öz əlindədir, həm də yox. Yazdıqca dəyişən bir şeydir. Özündən asılı olmur bəzən. Bir də mən yazıçının hansısa məqsədlə nəyisə yazmağını qəbul etmirəm. Tolstoy Anna Kareninanı bir qəzetdə qadının xəyanət xəbərini oxuyarkən yazmağa qərar verib. Hansısa bir xəbər yaxud bir əhvalat sənə bir roman yazdıra bilər. Sonra isə o romanın əslində o xəbərə, o əhvalata aid olmadığını görərsən.

Ən məşhur misalı çəkim. Don Kixot. Servantesin dayısı olub. Hətta özü də romandan xəbər tutub. Servantesin məqsədi o vaxt yayılmış cəfəng cəngavərlik romanını ifşa etmək idi. Ancaq Don Kixot müəllifi dünyanı xilas etmək istəyən humanist düşüncəli bir insanın yanına apardı.

Aytac SAHƏD

7times.az