Dünyanın müxtəlif ölkələrində iqtidar-müxalifət münasibətlərini incələyərkən məlum olur ki, iqtidarı əvəz edən müxalifət həmişə problemləri sadalamaqla qalmır, həm də alternativləri göstərir, insanları buna inandırır – bu zaman dəyişikliklər labüd olur.
7Times.az xəbər verir ki, bu sözləri REAL üzvü, ekspert Natiq Cəfərqli qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda müxaliflik anlayışını İlham Əliyevin adını çəkmək qədər bəsitləşdiriblər, guya, müxalifət olmaq hər çıxışında, yazında Əliyevin adının neçə dəfə çəkilməsi ilə ölçülürmüş və ya çıxışlarda daha kəskin danışmaqla olurmuş:
“Bu kökündən ziyanlı, mənasız yanaşmadır. Əslində hansısa rayonda icra başçısını tənqid etmək ölkə miqyasında Əliyevi tənqid etməkdən daha təhlükəlidir – icra başçısı həmən hərəkətə keçib rayonda yaşayan tənqidçinin başına min oyun aça bilir.
Mənim anlayışmda müxalifətçilik tək problemləri dilə gətirmək deyil, həm də və daha çox çözüm yolları göstərmək, ortaya alternativ həll yolları qoymaqdır.
Məsələn, bəzi “siyasətçilər” var, deyirlər ki, Əliyev 10 noyabrda ordunu saxlamamalı, Xankəndiyə girməli idi, Rusiya ilə üçtərəfli sazişi imzalamamalı, “sülhməramlıları” ölkəyə buraxmamalı idi. Bunu demək asandır, çünki xalq qarşısında, tarix qarşısında məsuliyyətin yoxdur, amma bunu deyən adam nəticələrini də analiz etməli, özünü prezident, iqtidar kimi aparmağı, düşünməyi, davranmağı bacarmalıdır. Populistlər isə sadəcə birinci məsələni deyir, arxasında durmağı bacarıb-bacarmamağı haqqında heç nə söyləmirlər, çünki onların böyük əksəriyyətinin iqtidar olmağa nə bacarığı, nə də şansları var – sadəcə boş-boş danışırlar”.
N.Cəfərli bildirib ki, rus sülhməramlılarının ölkəyə daxil olması dövlətimiz üçün böyük problemdir, bu məsələni xalq və dövlət olaraq yaxın illərdə həll etməyi bacarmalıyıq:
“Amma bu suala cavab axtaraq: Xankəndi və ətrafında 2 minə yaxın “sülhməramlıların” olması daha böyük problemdir, yoxsa 44 günlük Vətən savaşından öncə torpaqlarımızın Ermənistan tərəfindən 26 il işğalda saxlanılması daha böyük dərd, problem idi?! Xankəndi və ətrafında müvəqqəti yerləşən Rusiya “sülhməramlılarını” tərəzinin bir gözünə qoyaq, digər gözünə isə Hadrutu, Şuşanı, Kəlbəcəri, Zəngilanı, Qubadlını, Laçını, Füzulini, Ağdamı, Cəbrayılı, əsgərimizin qolu gücünə azad edilmiş yüzlərlə kənd-qəsəbələrimizi, 127 km İran, 400 km-ə yaxın Ermənistan sərhəd xəttini qoyaq: hansı daha agır gələr?! Yaxşı, “10 noyabrda Xankəndiyə girməliydik, hakimiyyət xəyanət etdi” deyənlər həmin situasiyada nə edərdilər?!
Məgər anlamırlarmı ki, zatən rus girəcəkdi, imzasız, sənədsiz Azərbaycan ərazisinə daxil olacaqdı, “ermənilər genosidə uğrayır” deyib dünyanın da susqunluğunu arxalarına alıb, Bakıya qədər belə gələ bilərdilər – bunu nəzərə almırlarmı?! Sual vermirlərmi ki, Naxçıvanda rus vertolyotu nədən qəsdən vurduruldu?! Ona görə ki, imza atmasaydıq, bu, savaş bəhanəsi olacaqdı! Xırdalana qədər uçan raketlər nə üçün idi?! Bunu bilmirlərmi?! Boğazdan yuxarı “Türkiyə yanımızdadır, Rusiya girməzdi” deyənlərin ağlına şübhə ilə yanaşmaq haqqımız deyilmi?! Bəyəm anlamırlarmı ki, NATO üzvü olan Türkiyə heç vaxt açıq savaşda Rusiya ilə üzbəüz gəlməz, gələ bilməz?! Və ya “Avropa, ABŞ, Qərb qoymazdı Rusiya Azərbaycana qoşun yeritsin” deyənlər səmimidirlərmi?! Bəyəm Rusiya “Ermənilər genosidə uğrayırlar, biz onları xilas etmək üçün giririk” desəydi, AB, ABŞ buna etirazmı edəcəkdi?! Qarşısınımı kəsəcəkdilər?! Tam tərsinə, oralardan da “genosid nağılları” yüksələcəkdi. Bunu deyən insanlar 2008-də Tiflisin 26 km-nə qədər gələn Rusiya tanklarını nə tez unutdular?! Bunu söyləyənlər Krımın, Donbasın taleyini görmürlərmi?! Tutalım, Qərb qarşı çıxacaqdı, nə edəcəkdi?! Yenə sanksiyalar qoyacaqdı Rusiyaya qarşı?! Bunun bəyəm effektsiz olduğunu görmürlərmi?! Hətta Qərb siyasətçilərinin, analitiklərinin bir çoxu sanksiya siyasətinin iflasa uğradığını etiraf edirlər, bizim bəzi populistlər isə bunu görməzdən gələcək qədər primitivdilər.
İlham Əliyevin, indiki iqtidarın daxili siyasəti, sosial-iqtisadi siyasəti bərbaddır – vizion yox, addımların ardıcıllığı və effekti yox, sosial prorlemlər günbəgün artır. Xarici siyasətdə də AB ilə müqavilənin, Türkiyə ilə Hərbi-Tədris mərkəzlərinin yaradılmasının gecikdirilməsi səhvdir – bu məsələlərdə Əliyev iqtidarını sərt tənqid etmişik, edirik, edəcəyik də! Amma həm də alternativləri göstərməklə bu yolu getməyə çalışırıq.
Sırf Qarabağ mövzusunda, sırf Rusiya “sülhməramlılarının” ölkəyə, heç olmasa, sənədlə, müqavilə ilə, bəlli “deadline” ilə gəlməsinə razılığın olması çox pislə pis arasında seçim kimi idi. Və başqa yol yox idi, görünmürdü, “başqa yol var” deyənlər varsa, çıxıb səmimi şəkildə bunu ictimayyətlə bölüşsünlər, daha boğazdan yuxarı danışıb siyasətin keyfiyyətini aşağı salmasınlar.
Bu gün Füzuli Hava Limanına uçan təyyarə ilə bağlı 1 il öncə, 2020-nin sentyabında xəyal belə qura bilməzdik – bu gün reallığa çevrildi. Bu xəyalın gerçəkliyə çevrilməsinə görə Şəhidlərimizə, Qazilərimizə burcluyuq. Onlar qarşısında daha bir borcumuz odur ki, 2025-ci ilə qədər ölkə ərazisində Rusiya “sülhməramlıları” qalmasın – bunun üçün hər kəs əlini daşın altına qoymağa hazır olmalıdır, bu bizim həyati, ən vacib hədəfimizə çevrilməlidir. Bu hədəfə çatmaq üçün ən böyük məsuliyyət isə iqtidarın üzərinə düşür – “islahat oyunlarını” boş verib səmimi şəkildə qəliz və effektiv yeni idarəetmə sisteminə keçməklə bağlı qərar verməlidir – başqa yol yoxdur…”
Follow @7timesaz