Cəllad…
Doğra ürəyimin şah damarını…
…bu qan da qırmızı,bu qan da aldı!
…tök,cəllad qanımı-halalın olsun!
…tök,cəllad qanımı-qanım halaldı!
Bir ömrü baş-başa qannan oynadın…
A cəllad,heç qanı kəsən əlin yox!
…sən elə cəlladsan anadangəlmə,
elə başkəsənsən sənə ölüm yox!
…ürəyin mübarək,ürək cəlladı!
Bu qannan tarixə yazırsan məni…
…dünyanın ən böyük dar ağacından
ən böyük ürəknən asırsan məni!
…gözünü qan tutub,bilirəm cəllad!
…tökdüyün qanlara yox su-bilirsən!
…sən yaxşı bilirsən qan batırmağı,
qana susamağı yaxşı bilirsən!
Cəllad,dilimi kəs-dilim uzundu…
Cəllad, boynumu vur- nəzilib, budu!
…şükür,cəllad şükür – dilimi kəsdin!
Başım bədənimdən üzülüb- budu!..
Sızıltı…
Hər şey bu qədər dünənki…
…sayını saymış adamam!
…dodağım, kirpiyim belə;
qaşını əymiş adamam!
Hər yoldan keçənin üstə,
…kəfkirin, küçənin üstə,
…özünü gecənin üstə
xəlvəti yaymış adamam!
…nə gün çıxır, nə gül daşır!
…nə daş külü, nə kül daşı!
…könülsüzəm, könüldaşım!
Könlündən doymuş adamam!..
Mən təkəm, hamı deyiləm!
…qərib? Odamı deyiləm?
…qürbət adamı deyiləm,
qürbətə qıymış adamam!..
*
(Səməd Qaraçöpə)
…tanıyıram ürəyindən-
od görsəm…odamı sənsən?
Şair,bax indi “dünyanın
ən ucqar adamı” sənsən!
…”köçəmmirəm” -deyə-deyə
köçdün, ay Səməd, ay Səməd!
…sən də Sirat körpüsündən
keçdin, ay Səməd,ay Səməd!
…gömrükçü bildimi kimsən?
…mahalın münəvvər diyar!
…istədiyin bir yar idi,
yetirmişdi pərvərdiyar!
…suyun səhəngnən kəhrizdən,
kökən təndirdən gəlirdi!
…Borçalıda-dağ yerində
səsin hündürdən gəlirdi!
Hamı səni bir-birinə
barmaqnan göstərirdilər!
…ya səni seyrə çıxanlar
gülünü pis dərirdilər?
…bura yenə nəmişlikdi-
Borçalını bilmirsənmi?
…bir vaxta sal-arada gəl!
Yoxsa, getdin gəlmirsənmi?
…payız elə gördüyündü,
yaz yenə yazlıq eləyir!
…sayıram-bir qələm çatmır,
bir şair azlıq eləyir!..
Yoxluq…
…düz gedib ölümün üstə çıxacam,
ölümün yolundan keçib gedəcəm.
…yola salacaqlar bir gün məni də-
köç-köç bu yollarnan köçüb gedəcəm.
…yola salacaqlar-yığışıb hamı!
Mən bir gedər-gəlməz yola çıxacam.
…gedib çıxacağam yoxluğun üstə,
mən ordan o yana yoxa çıxacam.
…bilmirəm, bəlkə də baş-ayaq oldu-
orda dağ olacaq, yel olmayacaq.
…gedib itəcəyəm ordan o yana!
Mənə bu dünyadan yol olmayacaq!..
Veyil dərəsi…
Bu boş küçələri nə qədər gəzim?
Nə qədər aldanım addımlarıma?..
…dərdimi bir kəsin dərdinə qatmır,
Tanrı məni qatmr adamlarına!
…arası-bərəsi yoxdu gəzməyin!
…arada-bərədə veyillənirəm.
…”veyil dərəsi”di mənə bu dünya!
Hər gün bu dərədə veyillənirəm…
…nə qədər aldanım addımlarıma?
Yox, burdan o yana qarğışdı, Tanrım!..
…mən də bir ev-eşik yiyəsi olum-
nəyim var bir qəbrə yığışdır, Tanrım!
*
…nəsə bilmək,nəsə duymaq
səsdən, günahdan camlardan.
…uçurumda açan güldən
bir də sərxoş axşamlardan!
…gözün gördüyündən keçmək,
bir şeh örtüyündən keçmək,
…cəllad kötüyündən keçmək,
keçib getmək edamlardan!
…dərdi daşlamaq, daşlamaq!
…qalıb- yaylamaq, qışlamaq!
…sonradan bir yol başlamaq
eşq ətirli son şamlardan!
Paşa Talıblı
Follow @7timesaz