“Azərbaycan İkinci Qarabağ müharibəsinin qalibidir. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Müharibənin bu mərhələsi tariximizə qızıl hərflərlə yazıldı. İndi regionda tamamilə yeni reallıqlar yaranıb. İndi qarşıda duran mühüm vəzifələrdən biri əsl həqiqətlərin, müharibədən sonra bölgədə yaranan yeni reallıqların dürüst şəkildə beynəlxalq auditoriyaya çatdırılmasıdır.”
Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
A.Məmmədov qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin noyabrın 10-da imzaladığı birgə bəyanat Azərbaycanın döyüş meydanında qazandığı parlaq qələbənin hüquqi müstəvidə rəsmi təsdiqi kimi Ermənistanın faktiki olaraq kapitulyasiyaya razılaşdığını göstərdi: “Bunu Ermənistan siyasi dairələri də açıq şəkildə etiraf edir. Artıq üçtərəfli Bəyanatın bir sıra bəndləri də Ermənistan tərəfindən yerinə yetirilib. Sənəddə nəzərdə tutulan yeni kommunikasiyaların yaradılması istiqamətində işlər isə davam edir. Eyni zamanda Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində geri qaytarılan ərazilərin tezliklə bərpa edilməsi üzrə işlərin həyata keçirilməsi, müvafiq infrastrukturların yaradılması, həmin regionun Azərbaycan iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi üçün bu ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait ayrılıb. Lakin əfsuslar olsun ki, hələ də bəzi dünya ölkələrində Azərbaycana qarşı erməni lobbisinin sifarişi ilə qarayaxma kampaniyası aparılır, bizim haqq işimizə kölgə salmağa çalışırlar. Bu baxımdan indi bütün dünya Azərbaycanın yaratdığı yeni reallıq, ermənilərin 30 ilə yaxın müddət ərzində işğal altında saxladıqları ərazilərimizdə törətdiyi vəhşiliklər haqqında geniş şəkildə məlumatlandırılmalıdır.”
Deputat vurğulayıb ki, aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans da bu baxımdan mühüm əhəmiyyət kəsb etdi: “Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi konfransın iştirakçılarının suallarını cavablayan cənab İlham Əliyev Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımdan çox uğurlu oldu. Bu cavablarda Azərbaycan həqiqətləri ilə yanaşı, dünya ictimaiyyətinə olduqca mühüm mesajlar da çatdırıldı. Azərbaycanın birmənalı mövqeyi yenidən ortaya qoyuldu, dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər göstərildi. Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən bu konfrans həm də onu göstərdi ki, Prezident İlham Əliyev təkcə dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə deyil, həm də dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir.”
A.Məmmədov onu da bildirib ki, regionda yeni bir dövrün başlandığını vurğulayan ölkə başçısı Azərbaycanın Ermənistanın işğal siyasətinə qətiyyətlə son qoyduğunu, xalqımızın tarixi zəfərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı: “Prezident İlham Əliyev erməni təbliğatına hətta düşmənin maraqlarını müdafiə edən informasiya məkanlarına tutarlı zərbə vurdu. Ölkə başçısı tam fərqli paradiqma və informasiya strategiyası ilə çıxış etdi, 21-ci əsrin tələblərinə uyğun yeni doktrina ortaya qoydu. Görünən odur ki, “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans və bu tədbirdə iştirak edən dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin nüfuzlu analitik, siyasətçi, öz ölkələrində və dünyada politoloji fikrə, ictimai rəyə təsir edən şəxslər olmaları göstərdi ki, cənab İlham Əliyevin yeni informasiya strategiyası İkinci Qarabağ müharibəsinin qalibi olan Azərbaycanın informasiya məkanında da Ermənistanın yalan siyasətinə son qoydu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti Azərbaycanı qalib etməklə dünyada və regiondakı mövqelərini tarixdə görünməmiş dərəcədə möhkəmləndirdi.”
Follow @7timesaz