Siyasət

Prezident İlham Əliyev sərkərdə qətiyyəti ilə hər bir suala təmkinlə cavab verdi

Prezident İlham Əliyev sərkərdə qətiyyəti ilə hər bir suala təmkinlə cavab verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük Vətən müharibəsi Azərbaycanın həm hərb meydanında, həm də diplomatiya sahəsində Ermənistanı diz çökdürməsi ilə yadda qaldı. Ölkəmiz regionda yeni bir reallıq yaratdı, Ali Baş Komandanın qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində tarixi ədalət bərpa olundu.

Azərbaycan Prezidenti cənab İlham Əliyev indiyədək bir çox dünyanın tanınmış, nüfuzlu kütləvi informasiya vasitələrinə müsahibələr verib. Ölkə başçısı hər zaman dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində Ermənistan ordusunun vəhşiliyini, barbarlığını diqqətə çatdırıb. Təcavüzkar ölkəyə havadarlıq edənləri kəskin tənqid edərək, onların iç üzünü açıb bütün dünyaya göstərib. Söz yox ki, həmin müsahibələrdə aparıcıların təxribatçı sualları, Ermənistanın və işğalçı ölkənin havadarlarının, eləcə də Azərbaycanın əleyhinə olan bir mövqeyin tərəfindən istiqamətlənmiş xüsusi suallar da var idi. Ancaq bütün bu sualların hamısına Ali Baş Komandan məntiqli, diplomatik və təmkinli şəkildə cavab verib. Ölkə başçısının bütün müraciətləri, müsahibələri dünya tərəfindən diqqətlə izlənilir. Dünyanın ekspertləri, ictimaiyyəti tərəfindən bu müraciətlərə, müsahibələrə böyük maraq vardı.

Fevralın 26-da yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirən Prezident İlham Əliyev verilən suallara cavablarında bir daha ölkəmizin qətiyyətli mövqeyini nümayiş etdirərək bütün dünyaya Azərbaycanın hərbi və siyasi qələbəsini elan etdi, qalib dövlətin rəhbəri, qalib lider kimi  sualların hər birini sonadək dinləyib olduqca əhatəli və dolğun şəkildə cavablandırdı. Prezidentimizin müsahibəsi dünyada bizə qarşı aparılan təbliğat kampaniyasının cavabı olmaqla bərabər, həmçinin haqlı, ədalətli olduğumuz bu müharibədə Azərbaycan tərəfinin həm hüquqi, diplomatik, həm də hərbi sferada olan mövqeyinin dünyaya çatdırılması baxımından xüsusi önəmə malik idi. Bu xüsusda, istənilən təxribatçı, erməni mövqeyindən irəli gələn sualın tutarlı cavabları elə əslində bizim mövqeyimizin dünyaya çatdırılması idi. Çünki ölkə başçısı öz cavabları ilə eyni zamanda Ermənistana rəhbərlik etmiş şəxslərə də xəbərdarlıq etdi.

Mətbuat konfransının məhz 26 fevral – Xocalı soyqırımı günündə keçirilməsi də təsadüfi deyildi. Cənab Prezident dünya ictimaiyyətinin diqqətini bir daha bu faciəyə yönəltdi və beynəlxalq aləmə bir mesaj vermiş oldu ki, bu soyqırımı heç vaxt diqqətdən kənar qalmamalıdır,  bütün dünya Xocalı soyqırımını tanımalıdır və bu cinayəti törədənlər cəzalandırılmalıdır.

Regionda yeni bir dövrün başlandığını vurğulayan ölkə başçısı Azərbaycanın Ermənistanın işğal siyasətinə qətiyyətlə son qoyduğunu, xalqımızın tarixi zəfərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Prezident İlham Əliyev Azərbaycan-Rusiya və Ermənistan arasında 2020-ci il noyabrın 10-da bağlanmış üçtərəfli bəyanatın detalları barədə də jurnalistlərin suallarına ətraflı məlumat verdi və bütün suallara aydınlıq gətirdi. Prezident qeyd etdi ki, üçtərəfli bəyanatın icrası yerinə yetirilir. İşğaldan azad olunmuş torpaqlara həmyerlilərimizin qayıdışı mərhələli şəkildə həyata keçiriləcək. Xankəndinə və Xocalıya da azərbaycanlıların qayıdışı tam təmin olunacaq. Prezident bununla da həm Ermənistanın, həm də özümüzdən olan bəzi qeyri-milli qüvvələrin guya Xankəndinə və Xocalıya azərbaycanlıların qayıda bilməyəcəkləri barədə fikirlərini alt-üst etdi. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək bərpa və quruculuq işlərinin hazırda bizim üçün prioritet məsələ olduğu, Qarabağın gələcək sosial-iqtisadi vəziyyəti ilə bağlı da ciddi addımlar atılacağını diqqətə çatdırıldı. İşğaldan azad edilmiş ərazilər bərpa olunduqdan və keçmiş məcburi köçkünlər öz evlərinə qayıtdıqdan sonra Azərbaycan üçün yeni iqtisadi imkanlar açılacaq.

Bununla da Prezident İlham Əliyev erməni təbliğatına hətta düşmənin maraqlarını müdafiə edən informasiya məkanlarına tutarlı zərbə vurdu. Ermənistanın erməni lobbisi və xaricdəki havadarlarına əsaslanaraq yenidən özü üçün münbit informasiya mühiti yaratmaq xülyası iflasa uğradı. Beləliklə, İkinci Qarabağ müharibəsinin qalibi olan Azərbaycan informasiya məkanında da Ermənistanın yalan siyasətinə son qoydu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti Azərbaycanı qalib etməklə dünyada və regiondakı mövqelərini tarixdə görünməmiş dərəcədə möhkəmləndirdi.

Anar Məmmədov

Milli Məclisin deputatı