Ölkə

Prezident SƏRƏNCAM İMZALADI 

Prezident SƏRƏNCAM İMZALADIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Yengicə su anbarının tikintisi haqqında Sərəncam imzalayıb.

 

7Times.az  xəbər verir ki, Sərəncamda deyilir ki, son illərdə ölkədə su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması, eləcə də bu sahədə uçot və nəzarətin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür.

 

Bununla yanaşı, son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişmələri, dünyada orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatının azalması, digər tərəfdən, suya tələbatın artması məhdud su ehtiyatlarına malik olan ölkəmizdə su ehtiyatlarının artırılması və sudan səmərəli istifadə üçün təxirəsalınmaz tədbirlər görülməsini zəruri etmişdir.

 

Bu istiqamətdə fəaliyyətin davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulduğu kimi, Qəbələ rayonunun ərazisində Yengicə su anbarının tikintisi üzrə zəruri texniki-iqtisadi əsaslandırma və layihələndirmə işləri başa çatdırılmışdır.

 

Sərəncama görə, Qəbələ rayonunda Yengicə su anbarı tikiləcək.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Yengicə su anbarının tikintisi ilə bağlı müvafiq tədbirlər görülməsini təmin etməlidir.

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Qəbələ Rayon İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları (qurumları) Yengicə su anbarının tikintisindən irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görməlidirlər.

 

“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya bu Sərəncamın 2-ci və 3-cü hissələrində nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etməlidir.

 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi aidiyyəti üzrə bu Sərəncamın 1-ci hissəsində göstərilən su anbarının cari və növbəti illərdə tikintisinin maliyyələşdirilməsi üçün zəruri tədbirlər görməlidirlər.

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.