“Zəngilanda da işlərə start verildi, mən şəxsən Zəngilan Beynəlxalq Hava Limanının təməlini qoydum. Zəngilan Hava Limanının istifadəyə verilməsi tarixi yəqin ki, 2022-ci il olacaq”.
7Times.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər rayonuna səfəri zamanı çıxışında bildirib.
Dövlət başçısı bildirib ki, hava limanları üçün yer axtarışı çətinlik yaradıb: “Kəlbəcər və Laçın rayonlarında, – mən müharibə başa çatandan sonra elan etmişdim, – yer axtarılacaq və beynəlxalq hava limanları tikiləcək. Yerin axtarışı, əlbəttə ki, çox vaxt apardı. Çünki Kəlbəcər və Laçın rayonlarının relyefi elədir ki, burada düzən yer tapmaq mümkün deyil. Baxmayaraq ki, hər iki rayonun çox geniş ərazisi var, – dağlar, meşələr, dərələr, təpələr, – düz yol, düz yer demək olar ki, yoxdur. Yeganə bu yer seçildi ki, burada yenə də böyük torpaq işləri aparmaqla hava limanının tikilməsi mümkündür. Hava limanının zolağı bax, arxamdakı yerdə olacaq, indi bunu təsəvvür etmək belə çətindir. Mən hesab edirəm ki, dünya tarixində belə relyefdə bəlkə də ilk dəfə hava limanı tikilir.