Siyasət

Prezidentin Şuşaya yanvarın 14-də səfər etməsi təsadüfi deyil – Mistik numerologiya

Prezidentin Şuşaya yanvarın 14-də səfər etməsi təsadüfi deyil – Mistik numerologiyabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşa şəhərinə məhz yanvarın 14-də səfər etməsi təsadüfi deyil. Burada mistik numerologiya mövcuddur.

7times.az bildirir ki, səfərin nə üçün məhz yanvarın 14-də baş tutmasının səbəbini dövlətimizin başçısı özü iki dəfə açıqlayıb. Elə bu açıqlamalardan da səfərin baş tutması üçün 14 yanvar tarixinin nə qədər uğurlu seçim olduğu bir daha aydın olur.

Birinci dəfə Şuşa şəhərində üçrəngli bayrağımızı qaldırıqdan sonra hərbçilərlə görüşdə çıxışı zamanı Prezident İlham Əliyev deyib:

“Biz qalib xalqıq. Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm. Bax, bu gün, yanvarın 14-də yenə də buradayıq. Bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm. Düşmənin belini qıran Ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq! Biz Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndlərimizi bərpa edəcəyik. Dağıdılmış bütün tarixi abidələrimizi bərpa edəcəyik. Ermənistan saxtakarlıq edərək bütün dünyaya Şuşa haqqında uydurmalar çatdırırdı ki, guya Şuşa onların qədim şəhəridir. Pənahəli xanın saldığı şəhər necə erməni şəhəri ola bilər?! Axı bu, yaxın tarixin işidir, hadisələridir. Əgər onlar bu şəhəri öz şəhəri hesab edirdilərsə, nə üçün belə bərbad vəziyyətə qoydular, nə üçün bütün binaları dağıtdılar? Görün, nə gündədir bu şəhər?! Daş üstə daş qalmayıb 30 il ərzində, ancaq özləri üçün villalar tikdiriblər, özləri üçün şərait yaradıblar”.

İkinci dəfə, Şuşa şəhərində erməni vandalizminə məruz qalan XVIII əsrdə yaşamış Azərbaycan şairi və ictimai-siyasi xadim, Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin qarşısında çıxış edərkən isə Prezident İlham Əliyev deyib:

“Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin düz 39 il bundan əvvəl – 1982-ci il yanvarın 14-də açılışı olmuşdur. Bu tarixi gün mənim yadımdadır. Çünki o vaxt atamla bərabər, bax, bu yerdə mən də durmuşdum. Bu, tarixi videokadrlar da var. Çox şaxtalı, qarlı bir hava idi. Möhkəm qar yağırdı. Amma buna baxmayaraq, bu tədbirə yığışmış insanlar, Azərbaycan ziyalıları heç o soyuğu hiss etmirdilər. Çünki Qarabağ xanının vəziri olan Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi açılırdı. Bu təşəbbüsü ulu öndər Heydər Əliyev irəli sürmüşdü, onun rəhbərliyi ilə inşaat işləri aparılmışdı və gözəl, əzəmətli məqbərə ucaldılmışdı”.

Dövlət başçımız bildrib ki, Ulu Öndər sovet dövründə də milli ruhun yüksək səviyyədə olması üçün çox böyük işlər görürdü:

“Bu məqbərənin açılışı tarixi hadisə idi. Mən o günü çox yaxşı xatırlayıram. Mən təxminən orada, kənarda durmuşdum, burada atam və görkəmli mədəniyyət xadimləri. Yadımdadır, Azərbaycan və erməni şairləri şeirlər deyirdilər. Hətta erməni şairləri Azərbaycan dilində şeirlər deyirdilər. Bu, bir dostluq bayramı, dostluq tədbiri idi və heç kimin ağlına gələ bilməzdi ki, bir neçə ildən sonra burada separatizm baş qaldıracaq, Ermənistan Azərbaycana qarşı təcavüz edəcək, bizim tarixi şəhərimizi əlimizdən alacaqlar, tarixi abidələrimizi, məscidlərimizi, bu məqbərəni bu günə salacaqlar, Azərbaycan xalqının çoxəsrlik irsini Qarabağ diyarından silməyə çalışacaqlar. Heç kimin ağlına gələ bilməzdi. Mən dəfələrlə demişəm və bir daha deyirəm, əgər Heydər Əliyev 1982-ci ildə Bakıdan Moskvaya getməsəydi, əgər onu Moskvaya təyin etməsəydilər, heç vaxt imkan verməzdi ki, burada separatizm baş qaldırsın, heç vaxt. Ancaq Heydər Əliyev hakimiyyətə gələndə artıq Şuşa işğal altında idi, Kəlbəcər işğal altında idi, Laçın işğal altında idi, Daşaltı işğal altında idi, bütün ətraf bölgələr işğal altında idi və Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaradılmışdı”.

Onu da bildirək ki, 14 yanvar 1992-ci ildə Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlər qurulub.  /Teleqraf