Ölkə

Putin Qərblə gizli Qarabağ danışıqları aparıb – Deputat

Putin Qərblə gizli Qarabağ danışıqları aparıb – Deputatbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinin ilk dəfə Valday klubunda gündəmə gətirdiyi “Vaşinqton variantı” həm Azərbaycanda, həm də Ermənistanda geniş müzakirələrə səbəb olub. Erməni siyasətçilər Putinin çıxışını İrəvana mesaj kimi qiymətləndirərək, Ermənistanın Kremlin təklif etdiyi sülh planını seçməli olduğunu bildiriblər. Bəzi politoloqların fikrincə, İrəvan ABŞ-ın sülh variantını dəstəkləsə, bu, ölkəyə böyük fəlakətlər gətirəcək.

 

Azərbaycana gəlincə, ölkəmizin hansı variantı seçəcəyi sual doğurur: Vaşinqton variantı, yoxsa Rusiya?

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov artıq Rusiyanın iç üzünün açıldığını bildirib.

 

Deputat fikirlərini belə əsaslandırıb: “Putinin dediyindən belə çıxır ki, onlar Qarabağda öz ağalıqlarını təmin etmək üçün Ermənistanla gizli danışıqlar aparıb. Ola bilsin ki, hətta Avropa ilə də gizli danışıqlar aparılıb. Hələ ATƏT-in Minsk qrupu fəaliyyət göstərdiyi dövrdə bizim icmanın onlarla görüşü olmuşdu. Görüş vaxtı dedim ki, siz bu məsələni həll edə bilmərsiniz. Hətta onların bir-birinə zidd beynəlxalq siyasət yürütdüklərini üzlərinə vurdum. Görüşdə iştirak edən nümayəndə gülə-gülə mənim dediklərimi təsdiqləyərək, Qarabağ məsələsinin istisna olduğunu dedi. Belə çıxır ki, Qarabağdakı separatçıları müdafiə etmək, onların qanunsuz fəaliyyətini təmin etmək həm Fransa və ABŞ-ın, həm də Rusiyanın ortaq nöqtəsidir”.

 

Deputat hesab edir ki, indiki durumda “Vaşinqton variantı” Moskvanın planı ilə müqayisədə daha sərfəlidir:

 

“Moskva planına görə, Qarabağ Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Ancaq bu cür olmayacaq. Burada Putin necə düşünür, Qərb necə düşünür, bunun Azərbaycan üçün əhəmiyyəti yoxdur. Məsələ ondan ibarətdir ki, Qarabağ Azərbaycan ərazisidir. Onların hamısı – erməni, fransız, amerikalı və rus başa düşməlidir ki, Azərbaycan belə vəziyyətlə barışmaycaq. Azərbaycan Qarabağda köç salmış separatçıları da, cinayətkarları da ərazisindən təmizləyəcək. Azərbaycan burada Vaşinqton, yaxud Moskva planı olsun, bununla barışmayacaq. Ancaq müqayisə etdikdə Vaşinqton variantı bizim üçün sərfəlidir. Çünki bu variantda Qarabağın Azərbaycanın ərazisi kimi tanınmasından, Azərbaycanın tam suverenliyindən söhbət gedir”.

 

Parlamentari vurğulayıb ki, artıq əvvəlki Azərbaycan yoxdur, indi həm Rusiyanın, həm də Qərbin qarşısında qalib ölkə dayanır:

“Putinin Rusiyası bizim suverenliyimizi istəmir. Ermənistana deyir ki, bizim dediyimizlə razılaşmalısınız, çünki sizə bu sərfəlidir. Ancaq Rusiya və Ermənistan hələ birinci Qarabağ müharibəsi zamanı məğlub olmağımıza baxmayaraq, bizi nəyəsə məcbur edə bilmədi. İndi isə biz qalib ölkəyik. Yanımızda qardaş Türkiyə var. Belə olan halda heç kim bizi oyuna gətirə bilməz”.

 

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin oktyabrın 27-də Valday klubunun iclasında çıxışı zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasından söz açıb və “Vaşinqton variantı”nı gündəmə gətirib. Onun sözlərinə görə, “Vaşinqton variantı” Bakının Qarabağ üzərində suverenliyini nəzərdə tutur. Rusiya lideri Ermənistan xalqına və hakimiyyətinə müraciət edərək, onları iki variantdan birini – ya “Vaşinqton varianti”, ya da “Rusiya variantı”nı seçməyə çağırıb.

 

“Biz sülh yolu ilə nizamlanmanın, o cümlədən sərhədin delimitasiyası və sərhəd məsələsinin tam həllinin tərəfdarıyıq. İstənilən halda, hansı variant seçilsə, bu, sülhə gətirib çıxararsa, biz yalnız bunun tərəfdarı olacağıq. Amma biz heç nəyi məcbur etmək fikrində deyilik. Biz Ermənistana heç nə diktə edə bilmərik və etməyəcəyik. Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa varinatını seçmək lazımdır, başa düşdüyüm qədər bu Vaşinqton planıdır. Bu, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını ehtiva edir. O zaman buyursunlar”, – Rusiya lideri çıxışında Ermənistana gizli mesajlar verib.