“Rusiya ilə Qərb arasında münasibətlərin pisləşməsinə səbəb Putinin etno-millətçiliyidir”
Qərblə Moskva arasında hazırkı gərginlik NATO-nun Rusiyanı təhdid etməsi ilə deyil, “Putinin tarixi özünəməxsus izahına və Ukrayna ilə bağlı həyata keçməmiş ambisiyalarına” görə yaranıb.
7Times.az Moderator.az-a istinadən xəbər verir ki, bu fikir Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin “The Times” nəşri üçün yazdığı məqalədəndir. O, bildirir ki, bunu Rusiya prezidentinin ötən il yazdığı dəqiqliyi az, amma ziddiyyətləri çox olan “Rusların və ukraynalıların tarixi birliyi haqqında” məqaləsi də təsdiq edir. Uollesin fikrincə, mövcud vəziyyətin günahkarı məhz Putinin etno-millətçiliyidir. Ben Uolles əmindir ki, əslində Rusiyanı təhdid edən NATO-nun güc balansı deyil, alyansın dəyərlərinin cəlbediciliyidir. O, məqaləsində yazır ki, Moskvanın hərəkətləri əslində “Putinin tarixi özünəməxsus izahı və onun Ukrayna ilə bağlı həyata keçməmiş ambisiyaları” ilə diktə edilir.
Tezislərinin təsdiqi kimi Uolles Rusiya prezidentinin dəqiqliyi az, amma ziddiyyətləri çox olan “Ruslar və ukraynalıların tarixi birliyi haqqında” məqaləsini sitat gətirir. “Putinin məqaləsi ukraynalıların istəklərini tamamilə görməzdən gəlir və əsrlər boyu bütün Avropanı bürümüş və hələ də qədim nifrətin eyni dağıdıcı qüvvələrini oyatmağa qadir olan etno-millətçiliyi yerindən oynadır”, – deyə britaniyalı nazir yazır.
O qeyd edir ki, Putin məqalədə Qərbi Rusiyanı “idarə etmək” üçün parçalanma toxumu səpməkdə ittiham edir. Uolles bu mövqeyə şərh verməkdən çəkinir, çünki onun təbirincə desək, “heç kim Rusiyaya tamah salmır”. Britaniyalı nazir Rusiya prezidentinin məqaləsində Ukrayna mövzusuna daha çox diqqət yetirir. “Ukraynaya gəlincə, Rusiya özü müstəqil ölkə kimi onun suverenliyini tanıdı və 1994-cü ildə təkcə Budapeşt Memorandumunu deyil, 1997-ci ildə Dostluq Müqaviləsini də imzalamaqla onun ərazi bütövlüyünə təminat verdi. Amma Ukraynada və Avropanın başqa yerlərində fikir ayrılıqlarını alovlandırmaq məqsədi Qərbə yox, Kremlə aiddir. Baş Kəşfiyyat İdarəsinin (BKİ) və Rusiyanın digər qurumlarının demokratik seçkilərə və xarici ölkələrin daxili problemlərinə müdaxilə etmək üçün çoxsaylı cəhdləri barədə sübutlar var. “Parçala və hökm sür” prinsipi NATO-nun deyil, Moskvanın ağlında ilişib qalıb”, – deyə Ben Uolles yazır.
O, həmçinin qeyd edir ki, Ukrayna Rusiya ilə birlikdə olduğundan daha çox ayrı mövcud olub. Uolles tarix professoru Endryu Vilsonun “ruslar və ukraynalılar ən yaxşı halda qohumdurlar, lakin heç bir halda bir xalq deyillər” fikrini misal gətirir. Britaniyalı nazir davam edərək bildirir ki, Putin özü də öz essesində etiraf edir ki, “hər şey dəyişir: ölkələr və xalqlar da istisna deyil. Təbii ki, xalqın müəyyən hissəsi öz inkişaf prosesində bir sıra səbəblərin və tarixi şəraitin təsiri altında müəyyən məqamda özünü ayrıca bir xalq kimi dərk edə bilər. Buna necə ynaşmalıyıq? Yalnız bir cavab var: hörmətlə!” Lakin o, bəyanatlarına zidd olan bir sıra halları rədd edir.
“Yumşaq desək, şübhəli persrektivlər heç bir halda nə Krımın işğalına (eynilə Rusiyanın 1774-cü ildə imzalanmış rus-türk Küçük-Kaynarcı sülh müqaviləsini pozaraq 1783-cü ildə Krımı işğal etdiyi kimi – red.), nə də müstəqil və suveren bir ölkə olan müasir Ukraynaya hər hansı müdaxiləyə haqq qazandırmaz”, – deyə Böyük Britaniyanın müdafiə naziri yazır.
Ben Uolles yazıb ki, Rusiya və Böyük Britaniyanın uzun və çox vaxt qarşılıqlı faydalı tarixi var: Rusiya məhz Britaniya ilə ittifaqda Napoleon və Hitleri məğlub edib. Böyük Pyotr dövründən başlayaraq 19-cu əsrə qədər ingilislər rus sarayında admirallar, generallar, cərrahlar və memarlar kimi xidmət edirdilər və rus donanmasının atası sayılan Semyuel Qreq isə Şotlandiyanın İnverkitinq şəhərindəndir. Bununla belə, nazir qeyd edir ki, Britaniya hökuməti Kremlin bədniyyətli fəaliyyətinə dözmək fikrində deyil.
“Ona görə də, əgər soyuq yanvar və ya fevral gecəsində Rusiya qoşunları yenidən suveren Ukrayna ərazisinə soxularsa, Putinə ötən yay yazdığı essesini xatırladın. Və özünüzdən soruşun ki, bu, təkcə Ukrayna üçün deyil, bütün Avropa üçün nə deməkdir. Və bundan sonra nə olacaq…”, – deyə Böyük Britaniyanın müdafiə naziri məqaləsini bu sözlərlə yekunlaşdırıb.
Follow @7timesaz