Ötən gün Milli Məclisdə qadınlarla kişilər arasında pensiya məbləğində fərqin aradan qaldırılması təklif edilib. Qeyd edilib ki, inkişaf etmiş ölkələrdə qadınlarla kişilər arasında pensiya məbləğində fərqin aradan qaldırılması üçün xüsusi əmsallardan istifadə olunur.
Bəs Azərbaycanda bu praktika tətbiq edilə bilərmi?
7Times.az xəbər verir ki, məsələ ilə bağlı Trend-in suallarını cavablayan iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, qadın və kişilər arasında pensiya məbləğində fərqin aradan qaldırılması təşəbbüsünü bir mənalı olaraq yüksək qiymətləndirilir.
“Burada bir incə məqam var. Bütün hallarda qadınlara xüsusi əmsalların tətbiq edilməsi o ölkələrdə tətbiq edilir ki, həmin ölkələr inkişaf etmiş ölkələrdi və o ölkələrdə pensiya məbləği yuxarı olaraq formalaşdırılıb. Hazırki məqamda Azərbaycan da bunu tətbiq edə bilər. Amma burada bir məsələ var. Bu, hesab edirəm ki, pensiya üçün ciddi həcmdə daha çox vəsaitin sərf edilməsinə gətirib çıxaracaqdır. Bunun da əsas səbəbi qadın və kişilər arasında orta ömür uzunluğunun fərqli olmasıdır. Nəticədə özünü pensiya alan qadın və kişilər arasında fərqlə görünür. 2020-ci ildə 42 min kişi, 33 min qadın vəfat edib. Vəfat edən kişilərin sayı hər il 8-10 min qadınlardan çox olur. Bu da orta ömür uzunluğunda daha yuxarı göstəricilərə malik olmasını gətirib çıxarır ki, bu, özünü təbii ki pensiyaçılarda göstərir. Hazırda yaşa görə əmək pensiyası alan insanlar içərisində qadınlar 60 faizdir. Bu da təbii ki, daha böyük məbləğdə vəsaitin xərclənməsi deməkdir”, – deyə o bildirib.
Follow @7timesaz