Gündəm

Qanunları çiynən ombudsmanın müvəkkilliyi

"Bunu özü düşünmürsə, ölkədə qanunun aliliyini təmin edəcək şəxslər düşünməlidir".

Qanunları çiynən ombudsmanın müvəkkilliyibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ramiz Mehdiyevin nəvəsinə toy etməsi və ondan sonra yaşananlar hələ də ölkə gündəmini məşğul etməkdə davam edir.

Məhşur “toplantı”dan sonra Ramiz Mehdiyev, deputat Siyavuş Novruzov hədəfə halına gəldi. Məsələ ondadır ki, toyda iştirak edənlər arasında yalnız Siyavuş Novruzov tutduğu Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini vəzifəsindən istefa verdi. Ancaq nə Ramiz Mehdiyev, nə də Siyavuş Novruzovun həyat yoldaşı olan insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva istefa verdi.

Ombudsman parlament tərəfindən insan hüquq və azadlıqlarının müdafiəçisi kimi səlahiyyət verilən, dövlət funksiyalarının daşıyıcısı olan vəzifəli şəxslərin üzərində birbaşa parlament nəzarətini həyata keçirən şəxsdir.

İnsan hüquqları üzrə müvəkkil isə Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin qaydalarını kobud şəkildə pozub. Ombudsman toyların qadağan edildiyi bir dövrdə, toya da gedir, rəqs də edir. Gözəl rəqs etməsi, bahalı paltarı, qiymətli daş-qaşları bizim qarışacağımız məsələ deyil. Ancaq vətəndaşların hüquqlarının qoruyucusu olan bir şəxs qanunu heçə sayaraq kobud şəkildə pozursa, biz başqalarından nə gözəlyək?

Hər bir qaydaların pozulmasının bir cəzası var. Deyə bilərlər ki, ombudsman da qaydanı pozduğu üçün cərimələnib. Məsələ ondadır, Səbinə Əliyeva elə bir vəzifə daşıyır ki, onun pozduğu qanun göz yumulacaq bir məsələ deyil. Hər bir vəzifənin insana yüklədiyi bir məsuliyyət də var. Ombudsman Səbinə Əliyeva əgər bu vəzifəni tutmadan, karantin qaydalarını pozsa və toyda süzsə, bu qədər müzakirə mövzusuna da çevrilməzdi. Maksimum Siyavuş Novruzovun həyat yoldaşı qaydanı pozub deyib, yarım saat, bir saat danışılardı. Ancaq ombudsman sifətində bu qaydanın pozulması, çox şey deyir.

Vətəndaşların hüquqlarını qoruyacaq, özü də, vəzifəli şəxslərin üzərində birbaşa parlament nəzarətini həyata keçirən şəxs, vəzifəli şəxsin toyunda bu qaydanı poza bilir. Sual olunur, bundan sonra Səbinə Əliyeva hansı nüfuzla öz vəzifəsini yerinə yetirəcək? Kimi, kimdən qoruyacaq? Başqa bir ölkədə belə hadisə olsa idi, dərhal istefa edilib, üzr istənilmişdi. Nəinki bunu görmədik, hətta ombudsman səlahiyyətlərini dondurub iddiasına “fəaliyyətimizi davam etdiririk” cavabını verə bildi. Yəni, nəinki istefa verib, heç bu barədə düşünmür belə.

Azərbaycanda vəzifəli şəxslər barəsində ən çox şikayət qəbul edən qurum Ombudsman aparatıdır. Vətəndaşlar bundan sonra o qurmun ciddiyətini qəbul edəcəklərmi? Özü qayda pozan şəxsə necə etibar edib, şikayət ünvanlayacaqlar? Sual olunur, Səbinə Əliyeva özü hüququ pozulan vətəndaş olsaydı, belə bir ombudsmana şikayət edərdi? Şəxsən mən etməzdim.

Başqa bir misal, karantin qaydalarını pozub, övladına toy edən şəxs saxlanılan zaman hüquqları pozulduqda, ombudsmana bu barədə şikayət etsə, buna hansı cavabı alacaq? Səbinə xanım görəsən bu barədə düşünübmü heç?

Yəqin ki, düşünməyib. İnsan hüquqları üzrə müvəkkil qanun pozursa, insanların nə hüquqa, nə qanuna inamı qalar. İnsanlar öz hüquqlarını qorumaq üçün başqa şeylərə əl atar. Bunu ombudsman düşünmürsə, ölkədə qanunun aliliyini təmin edəcək şəxslər düşünməlidir.

7times.az