Aktual

Qazilər niyə intihar edir? – Deputatlar danışdı

Qazilər niyə intihar edir? – Deputatlar danışdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar qazi intiharlarının artımı cəmiyyəti sözün əsl mənasında silkələyib. Sosial şəbəkələrin və medianın diqqət mərkəzinə düşən bu mövzu ilə bağlı millət vəkillərinin də fikirlərini öyrənməyə çalışıdıq.

Qazilər niyə intihar edir? Onların canlarına qıymasında dövlət qurumlarının nə kimi məsuliyyəti var?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Fazil Mustafa deyib ki, bir qazinin intiharı təkcə dövlətlə və ya hansısa icra hakimiyyəti ilə bağlı məsələ deyil:

 

“Həmin şəxslər cəmiyyətinin laqeydliyini, qazinin şücaətini, keçdiyi döyüş yolunu adiləşdirməsini həzm edə bilmir. Bu insanların hər şeydən öncə diqqətə, qayğıya ehtiyacı var. Bu qayğını həm də cəmiyyət öz üzərinə götürməlidir. Hazırda həssas bir dövrə daxil olmuşuq. Cəmiyyətdə qələbənin əhəmiyyətinin azalmasına gətirib çıxara biləcək əhval-ruhiyyə yaranır. Yəni hər bir qazinin ölümü öz növbəsində qələbəmizin adiləşməsinə gətirib çıxara bilər. Biz buna yol verməməliyik”.

 

Millət vəkili Elman Nəsirov isə qeyd edib ki, məsələyə ədalət prizmasından baxsaq, ilk növbədə qeyd etmək lazımdır ki, ölkə Prezidenti cənab İlham Əliyev xüsusi həssas kateqoriyadan olan insanlara çox böyük diqqət və qayğı göstərir:

 

“Cənab Prezident özünün göstərdiyi bu qayğının eynisini məmurlardan da gözlədiyini dəfələrlər bəyan edib. 13 minə yaxın şəhid ailəsi və qazilər mənzillərlə təmin edilib. 7400-dən artıq qazi avtomobillə təmin edilib. Bu proses hələ də davam etməkdədir. Cənab prezidentin siyasətinin qayəsini o təşkil edir ki, bir nəfərdə olsun, şahid ailəsi və ya qazi evsiz qalmasın. Çünki biz hər birimiz tarixi qələbəyə görə bu insanlara borcluyuq. Görülən bu qədər işə baxmayaraq təəssüflə qeyd etməliyəm ki, neqativ hallar da baş verir. Bu gün qazilərimizə qarşı qeyri-adekvat münasibətin də şahidi oluruq. Məmur səhlənkarlığı, naqeydliyi qazilərin sonda intihar həddinə gəlməsinə səbəb olur.

 

Bəzi məmurlar onu yaddan çıxarırlar ki, bir çox qazilər müharibənin travmasını, qalıqlarını fiziki və psixoloji olaraq hələ də daşıyırlar. Bu insanların səbirləri adi insanlar kimi deyil. Məmurlar sərin kabinetində oturub qeyri-adekvat qərarlar verərək və ya laqeyd münasibət göstərərək sonda qazilərin intihar etməsinə səbəb olur. Belə məmurlar hər şeydən öncə cənab prezidenti örnək almalıdır. Ölkə başçısı bu günə qədər dəfələrlə qazilər və şəhid ailələri ilə görüşüb, onların problemlərini dinləyib”.

 

Deputat Razi Nurullayevin fikrincə, 5-6 min qazinin problemini həll etmək bu qədər çətin olmamalıdır:

 

“Bu problemləri acı bağırsaq kimi uzada-uzada hara daşıyırıq? Axı bütün bunlar dövlətimiz üçün təhdiddir. bütün bunları Ermənistan mətbuatı və ermənilərdən geri qalmayan daxili xəyanətkar düşmən qüvvələri elə özümüzə, zəfərimizə qarşı istifadə edir. Parlamentdə bir neçə təklif səsləndirmişəm və çox təəssüf edirəm ki, əlaqədar orqanlar onları nəzərə almayıb. Çıxış yolu isə var. Birincisi, qazilərin iş problemini həll etməyə, əsasən onların təhsilsizliyi, peşəsinin olmaması, yəni bilik və bacarıqlarının zəifliyi maneçilik törədir. Buna görə də onların kütləvi olaraq peşə təhsilinə cəlb edilməsi, daha savadlılarının isə iş bazarının tələblərinə uyğun mövcud ali məktəblər yanında bir-iki illik xüsusi kurslara cəlb olunması vacib idi. Başqa cür biz bu adamları işlə necə təmin edək? Hər kəs bir neçə aylıq iş verib, sonra azad edəcək. Bunlar isə razılıq yarada və məsələni kökündən həll edə bilməz. Hətta özünüməşğulluq belə onlara kömək edə bilmir. Çünki, özünüməşğulluq üçün də bir aylıq kurs kifayət deyil, sadəcə “qaloçka” üçündür. Əksəri qoyun-mal alır, sonra satıb yeyir, yenə də qalır ac. Bu effektiv deyil.

 

İkincisi, icra hakimiyyətləri yanında şəhid ailələri, müharibə veteranları ilə məşğul olan şöbə yaradıldı. Bu şöbənin nə səlahiyyəti, nə də imkanları var. Statistika ilə məşğuldur. O şöbə də şikayətləri icra başçısına çatdırır. Nə mənası? Sadəcə, icra hakimiyyəti başçılarının canı eyni problemləri hər gün eyni adamlardan eşitməkdən qurtarır. Bu şikayətləri şöbə müdiri dinləyir və heç sonra onları icra başçısına da çatdırmır. Çünki eyni məsələni və eyni adamı nə qədər təkrar-təkrar məruzə etmək olar?

 

Buna görə də ayrıca bir səlahiyyətli dövlət qurumun yaradılmasına ehtiyac var, yaxud da səlahiyyətli bir qurumun yanında ayrıca bir şöbənin, yaxud agentliyin olması vacibdir. Zamanla qaçqın və köçkünlərin problemlərini həll etmək üçün el arasında deyildiyi kimi “Qaçqınkom” yaradıldı. Onlar da bildi ki, hara üz tutmaq lazımdır. Yüz mindən çox müharibə iştirakçısı var, onlar böyük qüvvədir. Gərək onlarla bağlı da analoji bir qurum olsun və problemlər vahid mərkəzdən idarə edilsin və çözüm tapılsın”.

 

Deputat Müşfiq Cəfərov qeyd edib ki, qazi və şəhid ailələrini hər şeydən öncə dinləmək lazımdır:

Zibil qutusuna göndər

 

“Həmin şəxslər bir və ya bir neçə dəfə qəbula gələ bilər. Bütün bunlar normal hallardır. Hətta müəyyən bir ehtiyacları olmasa belə bu şəxslər ürəklərini boşaltmaq, özlərini ifadə etmək istəyirlər. Adətən belə olanda onlar hansısa bir məmur və ya səlahiyyətli şəxs axtarırlar ki, öz dərdlərini deyə bilsin. Buna görə də hər bir şəxsin borcudur ki, bu şəxsləri qəbul edib problemlərini dinləsin.

 

Sabirabadda baş verən son hadisə təəssüf doğurur. İcra başçısının da fikirlərini dinlədik. Hətta o, özü də etiraf etdi ki, biz şəhid ailələrini və qaziləri qəbul edib dinləyirik. Ümumiyyətlə biz deputatlar da bu şəxlsəri qəbul edir, dinləyir, onların problemləri ilə yaxından maraqlanırıq. İstər deputatlar olsun, istərsə də məmurlar istənilən halda bu şəxslərə diqqət və qayğı göstərməlidir”.

 

Millət vəkilli Arzu Nağıyev isə deyib ki, müharibədən qayıdan hər bir şəxs üçün sindrom travmanın yaşanması labüddür:

 

“Mən özüm Birinci Qarabağ veteranıyam. Mənim özüm də müharibədən qayıtdıqdan sonra müəyyən qədər bu proseslərin iştirakçısı olmuşam. Bəzən insana elə gəlir ki, o, hardasa döyüşəndə digər insanlar öz işində, gücündədədir. Bu düşüncə tərzi belə insana mənfi yöndə təsir edən amillərdəndir. Buna görə də bu təbəqədən olan insanlara həsas yanaşmaq lazımdır. Müvafiq reabilitasiya mərkəzlərində onların reabilitasiyası ilə yaxından maraqlanmaq lazımdır. Bu gün dövlətimiz birmənalı şəkildə hər bir müharibə iştirakçısının qazisinin yanındadır. Onlara bütün lazımi imtiyazlar verilir”.