Sovet dövründə yüksək vəzifələrdə çalışan qadınların sayı təxmin edildiyi qədər çox olmayıb. Xüsusilə, İosif Stalin nazir, komitə sədri, Mərkəzi Komitədə şöbə müdiri, katib kimi vəzifələrə qadın məmurları nadir hallarda təyin edib. Onlardan biri də Polina Jemçujina olub. Bəzi araşdırmaçıların qənaətinə görə, Polina Jemçujinanın vəzifəyə təyinatında həyat yoldaşı Vyaçeslav Molotovun böyük rolu olub.
Amma Molotov sonralar yazdığı memuarlarında bu qənaəti təkzib edib:
“Polina Jemçujinanı nazir vəzifəsinə Stalin özü təyin etmişdi. Mən həyat yoldaşımın nazir işləməsinin əleyhinə idim. Polina yeganə qadın idi ki, sırf təsərrüfatla bağlı olan bir quruma rəhbərlik edirdi. Bu işin nə qədər ağır olduğunu yaxşı anlayırdım…”
Yəhudi əsilli Polina Jemçujina 1897-ci ildə Ukraynada dərzi ailəsində anadan olub. İlk əmək fəaliyyətinə tütün kombinatından başlayıb, daha sonra aptekdə kassir işləyib. Oktyabr inqilabından sonra bacısı və qardaşı xaricə mühacirət etsə də, Polina Jemçujina Ukraynadan getməyib. O, bolşevik hərəkatının fəal üzvlərindən biri olaraq Zaporojye Partiya Komitəsində şəbə müdiri vəzifəsinə təyinat alıb. Amma siyasətçi xanımı bir şəhər çərçivəsində fəaliyyət göstərmək qane etməyib. Ən əsası isə o, ali təhsil alması haqqında düşünüb.
1921-ci ildə Moskvaya köçən Jemçujina elə həmin il Vyaçeslav Molotovla ailə həyatı qurub. Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstutunda ali təhsil alıb.
İnsanlarla tez ünsiyyət qurmağı, şən və nikbin olmağı ilə ətrafdakıları özünə cəlb etməyi bacaran Jemçujina qısa bir müddətdə Molotovun dairəsindəki dövlət məmurları ilə münasibətlər qurub. O, Stalinin həyat yoldaşı Nadejda Alliluyeva ilə yaxın rəfiqə olub.
Bununla da vəzifə karyerasının qapıları Jemçujinanın üzünə taybatay açılıb. Bir müddət “Novaya zarya” parfyum fabrikinin direktoru işlədikdən sonra o, SSRİ Qida Sənayesi Komissarlığında (nazirliyində) baş idarə rəisi, daha sonra isə nazir müavini vəzifəsinə təyin edilib.
1939-cu ildə SSRİ Balıq Sənayesi Nazirliyi yaradılanda Polina Jemçujina bu qurumda nazir vəzifəsinə təyinat alıb.
Polina Jemçujina həyat yoldaşı Vyaçeslav Molotovdan fərqli olaraq zəngin həyat tərzinə üstünlük verib. Məhz onun təkidləri sayəsində ailə Kremldəki üşotaqlı mənzildən “Leninskie qorı”da hökumət işçiləri üçün tikilmiş binada bütöv bir mərtəbəni götürüb. Rəsmi və qeyri-rəsmi ziyafətlərdə Jemçujina geyimi və zinət əşyaları ilə hamıdan fərqlənib.
Yüksək ranqlı dövlət məmurları Molotovun evinə daha tez-tez məclislərə yığışıblar. Çünki Jemçujinanın açdığı süfrə qara və qırmızı kürü, xarici içkilər, çoxları üçün əlçatmaz sayılan balıq çeşidləri və digər təamlarla həmişə zəngin olub.
Jemçujinanın Amerikada yaşayan bacı və qardaşının göndərdiyi geyimlər, ev əşyaları, məişət texnikaları çoxlarını təəccübləndirib.
Moskvanın ən prestijli restoranlarında tez-tez görünən Jemçujina həmişə diqqət mərkəzində olub. Stalinin həyat yoldaşı Nadejda Alliluyeva ilə rəfiqə olması isə onu daha da güvənli edib. Bütün bunlardan Stalinin də xəbəri olub. Zaman-zaman öz həyat yoldaşınını ictimai-siyasi fəaliyyətindən şübhələnən Stalin günahı Jemçujinada görüb, Nadejda Alliluyevanın siyasi baxışlarının dəyişməsində onu günahkar sayıb.
Bütün bu hadisələrin baş verdiyi vaxtda dövlət təhlükəsizliyi naziri Viktor Abakumovun Jemçujinanın fəaliyyəti ilə bağlı Stalinə məruzələri sovet liderini daha da qıcıqlandırıb. Belə ki, daxil olan məlumatlarda Jemçujinanın yəhudi təşkilatları ilə əlaqələri, xarici xidmət orqanlarına işləməsi, Amerikada yaşayan bacı və qardaşına müəyyən informasiyalar ötürməsi öz əksini tapıb.
Nəhayət, Polina Jemçujinanın məsələsi Siyasi büroda müzakirəyə çıxarılıb. Stalin onun bütün fəaliyyətini büro üzvləri qarşısında açıqlayıb. Hətta sovet lideri Polina Jemçujinanın dəfələrlə qrup şəkildə sekslə məşğul olduğunu da bildirib. Molotovu çıxmaq şərtilə bütün büro üzvləri Jemçujinanın tutduğu vəzifələrdən və partiya sıralarından çıxarılmasına səs verib.
Bu iclasdan bir ay sonra, 1949-cu ildə Polina Jemçujina həbs edilib və 5 il müddətinə Qazaxstana sürgünə göndərilib. Molotov öz həyat yoldaşını müdafiə etmək gücündə olmayıb. Stalinin ən yaxın silahdaşlarından biri olmasına baxmayaraq, o, məsələyə müdaxilə etməyin mənasız olduğunu yaxşı anlayıb. Digər tərəfdən 1950-ci ilin əvvələrindən başlayaraq Stalinin öz ətrafına, Beriya, Malenkov, Xruşov, Mikoyan və o cümlədən Molotova qarşı sərt və tənqidi yanaşması da Jemçujinanın xilasını mümkünsüz edib.
Stalinin vəfatınından sonra, elə dəfn mərasimində Beriya ilə yanaşı dayanan Molotov həyat yoldaşının sürgündən azad olunmasını ondan xahiş edib. Hələ səlahiyyətlərini itirməyən Beriya Molotovun xahişini qəbul edərək Polina Jemçujinanın azad olunması üçün göstəriş verib. Jemçujinaya bəraət verilərək onu yenidən partiya sıralarına qəbul ediblər.
Həbsinə Stalinin hökm verməsinə baxmayaraq Polina Jemçujina ömrünün sonuna qədər onun haqqında ən yüksək fikirlər söyləyib, Stalini nəhəng siyasətçi adlandırıb və əsl stalinçi kimi tanınıb. Hətta Stalinin qızı hələ SSRİ-də olarkən onunla tez-tez görüşüb.
Azadlığa çıxdıqdan sonra yenidən ailəsinə qovuşan Jemçujina həyat yoldaşı Molotovu onu müdafiə edə bilmədiyinə görə qınamayıb, bildirib ki, repressiya illərində ayrılsaydılar, bəlkə də Molotov Stalinin gözündə hörmətdən düşməzdi.
Polina Jemçujina 1970-ci ildə vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub. Həyat yoldaşından 16 il sonra vəfat edən Molotov ölümündən əvvəl Polina Jemçujinanın yanında dəfn olunmasını vəsiyyət edib. //sfera.az
Follow @7timesaz