Gündəm

Razi Nurullayev: “Onlar bayram edirlər ki, Türkiyədə zəlzələ olub”

Razi Nurullayev: “Onlar bayram edirlər ki, Türkiyədə zəlzələ olub”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bildiyimiz kimi, Ermənistan baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar Türkiyəyə 27 nəfər xilasedici dəstə göndərib. Lakin, bu yardıma baxmayaraq zəlzələ baş verdiyi gündən etibarən yüzlərlə erməni istifadəçisi sosial media üzərindən Türkiyədə baş vermiş fəlakətlə bağlı sevinclərini gizlətməkdən çəkinməyiblər. Onların bu sevinci türk istifadəçilər tərəfindən qəzəblə qarşılanıb.

Mövzu ilə bağlı 7Times.az-a danışan millət vəkili Razi Nurullayev bildirib ki, Ermənistanın yardımı sadəcə nümayişdir:

“Dövlətlər arasında düşmənçilik olsa belə fəlakət dövründə humanizmin prinsipi əsas götürülür. Yəni, düşmənçilik olsa da dünyanın gözü üçün, dünya ictimaiyyəti, kənar baxışlar üçün köməklik göstərirlər. Xatırladım ki, Ermənistanın Spitak şəhərində zəlzələ olan zaman Azərbaycanın yumşaq ürəyi dözməyib təyyarə ilə onlara yardım göndərmişdi ki, xilasetmə əməliyyatında iştirak edək. Bizim təyyarəmiz qəzaya uğramışdı. Bunu hər bir ölkə edir. Ancaq mən inanmıram ki, Paşinyanın türk sevgisi var və orada olanlara ürəyi acıdığı üçün kömək edir. Bu sadəcə dünya ictimaiyyətinə Ermənistan xalqının humanist xalq olduğunu göstərmək üçündür. Bundan əlavə bu həm də münasibətləri yaxşılaşdırmaq üçün atılmış addımdır.”

O qeyd edib ki, Ermənistanın bu addımından əlavə ölkənin əsl simasını hakimiyyətdən əlavə onun xalqı göstərir:

“Ermənistanın xalqı bir nəfərdən beş nəfərə kimi uşaqlı-böyüklü hamısı nifrət püskürür. Onlar sevinirlər, onlar bayram edirlər ki, Türkiyədə zəlzələ olub. Orada minlərlə insan ölüb. Onlar sevinir ki, orada uşaqlar, qocalar o uçqunların altında bu soyuqda ölürlər. Buna sevinirlər və deyirlər ki, Azərbaycan da, Türkiyə də buna layiqdir. Bax bu artıq faşizmdir. Bu insanlıqdan kənar hərəkətdir. Məsələn, mən azərbaycanlı olaraq bu cür düşünməzdim. Nə qədər pis düşmən olursa olsun mənim ürəyim yol verməzdi deyim ki, o uçqunların altında qalan körpələr, qadınlar, qocalar buna layiqdirlər. Mən bunu qəlbimə gətirməyə qorxaram, Allahdan qorxaram. Ancaq, təəssüflər olsun ki, onlar faşist kimi danışırlar. Hər kim deyirsə ki, zəlzələdə ölənlər bunu haqq edib, onlar şeytandan da pisdirlər. Onlar Allaha qarşı çıxan insanlardır. Onların faşistlərdən heç bir fərqi yoxdur.”

Millət vəkilinin sözlərinə görə, Türkiyənin Ermənistanın yardımını qəbul etməsi Ermənistanın özünə faydalıdır:

“Ermənistanın göndərdiyi bir təyyarə yardımına Türkiyənin ehtiyacı yoxdur. Bu köməyi göstərənlər dostluğunu göstərmək üçün edir və bu köməyi qəbul edən ölkə də, bunu bir jest kimi qəbul edir. Türkiyə Ermənistanın köməyini qəbul edirsə əslində Ermənistana yaxşılıq edir. Bu Türkiyəyə yox, Ermənistana lazımdır. Ancaq yenə deyirəm, Türkiyənin nə ermənilərin yardımına, nə də 10-15 nəfər xilasedicisinə ehtiyacı yoxdur. Türkiyə bunu qəbul edirsə, Ermənistana bir xoş məram kimi jest edir.”

7Times.az