Dünən Rusiya Xarici İşlər Nazirliyi tərəfindən 2020-ci il noyabrın 10-da Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli formatda imzalanmış bəyanatın bir illiyi ilə əlaqədar açıqlama yayılıb
7times.az xəbər verir ki, bu barədə politoloq Samir Hümbətov qeyd edib ki, sözügedən bəyanatın mətninə baxdıqda bir neçə məqam xüsusilə diqqəti cəlb edir:
“Rusiya həmin bəyanatda qeyd edilmiş 3 məsələ vasitəsi ilə bəzi mesajları verməyə çalışır. Birincisi, rəsmi Moskva dəyişmiş regional reallıqları adekvat nəzərə alaraq beynəlxalq ictimaiyyətin mövcud potensialından səmərəli istifadənin tərəfdarıdır. İkincisi, Rusiya sonrakı demarkasiya üçün Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsi ilə bağlı danışıqların başlanmasına yardım etməyə hazırdır. Üçüncüsü, Rusiya tərəflərin tələbi ilə lazımı məsləhətçi yardımı göstərməyə, kartoqrafik materialı təqdim etməyə, zəngin demarkasiya təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır.
Birinci mesaj, Rusiyanın regionda baş verən hadisələri və onların nəticələrini dolayısı ilə qəbul etməsi, region dövlətlərinin, xüsusilə də Azərbaycan mövcud vəziyyəti ilə razılaşmalı olduğu anlamı kimi də qəbul edilə bilər. Həm də Moskva dolayısı ilə Türkiyənin regiondakı varlığını qəbul etmiş olur”.
Müsahibimizin sözlərinə görə, Rusiya XİN-nin ikinci mesajı prezident Putinin Valday klubunda çıxışı zamanı Ermənistan-Azərbaycan dövlət sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı söylədiyi fikirlərin davamı kimi də qiymətləndirilə bilər:
“Təbii ki, burada da Azərbaycanın maraqlarını gözardı etmək mümkünsüzdür. Bu üç mesaja diqqət yetirən zaman Rusiyanın niyə belə mesajlar verdiyini başa düşmək mümkündür. Rusiya yaxşı başa düşür ki, II Qarabağ savaşından sonra onun “sülhməramlıları”nın regionda müvəqqəti dislokasiya olunmasına baxmayaraq, əvvəlki nüfuzu qalmayıb. Bununla paralel olaraq, Cənubi Qafqazda Türkiyə kimi regional və qlobal güc də var. Ona görə də, Rusiya bütün gücü ilə çalışır ki, uzun illər regionda yaratdığı mənfi imici müsbət imiclə əvəz edə bilsin. Bu məqsədlə kosmetik olsa da, bəzi dəyişikliklər etməyə və addımlar atmağa cəhd edir. Regionun hazırkı vəziyyətini təhlil edərkən, Azərbaycanın əldə etdiyi üstünlükləri Ermənistan kimi Rusiyanın da qəbul etməyə başladığı görünür”./Sfera.az
Follow @7timesaz