Münaqişə

Rusiyaya aparılan ukraynalı uşaqlar zorakılığa məruz qalır

Rusiyaya aparılan ukraynalı uşaqlar zorakılığa məruz qalırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada 21-ci əsrin ən qanlı və ən böyük müharibələrindən biri gedir. Hər iki tərəfin ordusu ağır itkilər verir, mülki infrastruktur dağıdılır, dinc sakinlər, uşaqlar ölür… Lakin bu münaqişənin sonu hələ görünmür, əksinə, onun daha da böyüməsi ilə bağlı böyük narahatlıq var. Rusiya qoşunları Ukrayna şəhərlərini o qədər çox bombalayır və atəşə tuturlar ki, sağ qalanlar ölənləri tələsik və kütləvi məzarlıqlarda basdırmağa məcbur olurlar. İnsan haqları təşkilatları işğaldan azad edilmiş Ukraynda ərazilərində çoxsaylı qətl, zorlama və digər ağır cinayətlər qeydə alıb. Uşaqlara kütləvi işgəncə, edam və zorlama törədilib. Buça rus ordusunun işğalından azad edildikdən sonra Ukrayna hərbi cinayətlərin təhqiqatına başlayıb. Şəhərdə çoxlu sayda mülki vətəndaşın cəsədi tapılıb, onlardan əksəriyyəti, xüsusən də uşaqlar işgəncə və zorlamaya məruz qalıb. Rusiyanın Ukraynada apardığı işğalçı müharibə dinc əhali arasında kütləvi qırğınlar, zorakılıq, qarət, hərbi xarakter daşımayan infrastrukturun, yaşayış məntəqələrinin qəsdən dağıdılması və başqa cinayətlərlə müşayiət olunur. Rusiya hökuməti həmçinin minlərlə Ukrayna vətəndaşını ölkə boyu geniş filtrasiya əməliyyatlarına məruz qoyub. Bu əməliyyatların bir hissəsi kimi fiziki və psixoloji zorakılıqlar, o cümlədən edamlar, qaçırılan və övladlığa götürmə yolu ilə rusiyalı ailələrə qoşulmağa məcbur edilən minlərlə ukraynalı uşaq da daxil olmaqla, Ukrayna vətəndaşlarının zorla köçürülməsi və deportasiyası barədə inandırıcı məlumatlar var. Bu məlumatlar Rusiya qüvvələrinin olduğu hər yerdə pozuntularla bağlı narahatedici mənzərəsini əks etdirir.

Rusiya kütləvi şəkildə ukraynalı uşaqları oğurlayır

Amerika Milli Kəşfiyyat İdarəsi xəritə dərc edərək Rusiyanın Ukraynada ələ keçirdiyi bölgələrdə ukraynalıları saxladığını, onlardan bəzilərinin Rusiyanın müxtəlif bölgələrinə aparıldığını, bəzilərinin isə zorakılığa məruz qaldığını bildirib.  Ölkənin şərqində və qərbində konsentrasiya düşərgələri var ki, burada minlərlə ukraynalı saxlanılır, sorğu-sual edilir və bəzən zorakılığa məruz qoyulur. Hazırda Rusiyanın törətdiyi cinayətlərdən biri də ukraynalı uşaqların oğurlanması və Rusiyaya aparılmasıdır.

Rusların işğal etdiyi ərazilərdə ukraynalı mülki şəxslər, o cümlədən uşaqlar kütləvi şəkildə Rusiyaya deportasiya edilir. Əldə edilən məlumatlara görə, işğal edilmiş ərazilərdə yaşayan ukraynalı mülki şəxslər xüsusi hazırlanmış qatarlarda Rusiya Federasiyasının dərinliyinə və ucqar vilayətlərinə daşınırlar.  Təxminən 9000 kilometr daxilə daşınırlar. Ukraynanın Rusiya Federasiyasının tərkibinə yeni daxil olmuş ərazilərindən zorla köçürülmüş şəxslərin sayından məlum olur ki, əvvəlcə bu insanlar həddindən artıq yüklənmiş yük maşınları ilə Ukrayna ilə həmsərhəd olan Rusiya ərazilərinə və daha sonra dəmir yolu ilə Taqanroqdan Xabarovska aparılıb.

Uşaqlar valideynlərindən ayrılır

Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv ölkələrin tanıdığı Ukraynanın dövlət sərhədlərinə daxil olan, lakin bu yaxınlarda Rusiyanın tərkibinə qatılmış ərazilərdən zorla köçürülmüş şəxslərin sayından məlum olur ki, Ukraynadan deportasiya edilən insanlar Rusiya Federasiyasının müxtəlif bölgələrinə göndərilirlər. Orada onlar tranzit düşərgələrə yerləşdirilir – Rusiya Federasiyasındakı düşərgələr böyüklər və uşaqlar üçün nəzərdə tutulmuş düşərgələrə bölünür və bundan əlavə Ukraynalı ailələr bir yerdə götürülsələr də, müəyyən mərhələdən sonra uşaqlar valideynlərindən ayrılır. Bu, rus ailələri tərəfindən ukraynalı uşaqların sonradan övladlığa götürülməsini asanlaşdırmaq üçün həyata keçirilir.

Uşaqlar düşərgələrdə zorakılığa məruz qalıb

Lakin həmin mərhələyə qədər ukraynalı uşaqlar daha ciddi təhlükələrlə üzləşirlər. Rusiya Federasiyasının digər subyektlərinə, ölkənin daha dərinliklərinə daşınma prosesində insanların normal yaşayışı üçün şəraitin yaradılmaması, qatarlarda rütubət və kifin olması, habelə təmizləyici vasitələrin, təmiz suyun və qida təminatının olmaması, üstəlik soyuq havanın mövcudluğu əlverişsiz və antisanitar vəziyyəti daha acınacaqlı edir. Bunun nəticəsidir ki, böyüklərdə və uşaqlarda çoxsaylı xəstəlik və infeksiya halları baş qaldırır. Rusiya-Ukrayna müharibəsi dövründə işğal altında olan ərazilərdə yüzlərlə ukraynalı uşaq Rusiyanın müxtəlif regionlarına gətirilərək, düşərgələrdə zorakılığa məruz qalıb. Dolayısı ilə Rusiya rəsmiləri bunu öz açıqlamalarında da dilə gətirirlər. Rusiya Federasiyasında uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belova mediaya açıqlamasında deyib ki, biz Mariupoldan 30 uşağı Moskva vilayətinə gətirəndə onlar Putin haqqında mənfi danışdılar, iyrənc sözlər dedilər, Ukraynanın dövlət himnini oxudular – biz bunu düzəldəcəyik.

Ukraynalı uşaqlar kütləvi şəkildə virusa yoxulur

Ən pisi isə odur ki, deportasiya edilmiş uşaqlar arasında son mərhələdə QİÇS-ə yol açan insanın immunçatışmazlığı virusuna (İİV) yoluxma halları daha geniş yayılıb. Bu da onların Rusiya Federasiyasında təyinat yerlərinə getdikləri zaman tez-tez zorlanması və cinsi istismarından dolayı baş verir. Bunun üçün təkcə nəqliyyat prosesində iştirak edən ruslar deyil, həm də bu uşaqların filtrasiya düşərgələrində qayğısına qalmaqla mükəlləf olan rusiya mənşəli yetişkinlər məsuliyyət daşıyır.

Moskva Rusiya ərazisində ukraynalı uşaqların saxlandığını heç də gizlətmir. Rusiyanın uşaq hüquqları üzrə ombudsmanı Mariya Lvova-Belova bir ukraynalı oğlan uşağını övladlığa götürməsi ilə öyünür. Ümumiyyətlə oğurlanan uşaqların bir çoxu rus ailələrinə övladlığa verilib. Bu, humanizm deyil, soyqırımıdır. Zöhrəvi xəstəliklərin qorxusundan, daşınan uşaqlar təyinat nöqtəsində müayinə olunur. Bu, onların ruslar tərəfindən övladlığa götürülməsi prosesi ilə bağlıdır və zöhrəvi xəstəliklər və ya İİV aşkarlananlar  Nevirapindən geniş istifadə olunmaqla müalicə olunurlar. Rusiyanın ayrı-ayrı nöqtələrində yerləşən bu uşaq konslagerlərinin tələb etdiyi ümumi Nevirapin miqdarı indiyə kimi baş tutmuş onlarla köçürmənin hər birində yüzlərlə uşağın zorlandığını göstərir.

Rusiya hökuməti ukraynalı valideynlərə gəlib öz uşaqlarını götürməyə icazə verir. Ancaq bir şərtlə ki, onlar Rusiyaya Polşadan, yaxud başqa ölkələrdən keçib gəlsinlər. Bu isə ukraynalı valideynlər üçün min bir əzab-əziyyət deməkdir. Əvvəla, bundan ötrü xarici pasport və digər sənədlər olmalıdır. Ukraynalı valideynlərin isə bəzisinin sənədi Rusiyanın endirdiyi zərbələr nəticəsində ev-eşik qarışıq yanıb kül olub. İkincisi, müharibə ukraynalıları müflis edib, valideynlərin çoxu Rusiyaya gediş-gəliş xərcini ödəmək imkanında deyil. Ona görə bəzi valideynlər yolpulu məsələsini həll etsə də, əksəriyyət hələ də bu problemin öhdəsindən gələ bilmir.

Ukraynalı uşaqlar valideynlərinə qaytarılmalıdır

Rusiya Federasiyasındakı həbs düşərgələrində yaşayış şəraiti müxtəlif səviyyəlidir, lakin çox vaxt onlar ağır sanitar şəraiti olan izdihamlı yerlərdir. Övladlığa verilmək üçün seçilmiş uşaqlar nisbətən daha yaxşı şəraitdə saxlanılır. Uşaqlara müharibə qəniməti kimi yanaşmaq olmaz. Hökumət uşaqlarla alver etməməlidir. Bu elementar qaydalara əməl edilməməsi Ukrayna müharibəsinin əxlaqi baxımdan da nə qədər ağır bir müharibə olduğundan xəbər verir. Dünya həqiqətin tərəfində möhkəm durmalı və uşaqlar öz evinə – valideynlərinə qaytarılmalıdır. Qərb humanitar təşkilatları, Rusiyada bu cür praktikanın olduğu xəbərini hadisələri daxildən müşahidə edən bir şəxsdən anonim şəkildə alıblar. Həmin şəxs böyük həyati təhlükə olduğundan gizliliyini tam saxlamaq istəyir.

Onu da qeyd edək ki, Ukraynadakı aktivist və feminist qruplarının da bu deportasiyalardan xəbəri var – Lvovda yerləşən təşkilatlardan biri (Facebook-dakı qrupa keçid: https:/ www.facebook.com/feministworkshop) müsahibələrin birində bu hadisələrlə İkinci Dünya Müharibəsi zamanı baş verən hadisələri, Rusiyada yaradılmış bu həbs düşərgələri ilə Nasistlər tərəfindən yaradılmış konslagerləri müqayisə etmiş və Rusiyadakı bu düşərgələri 21-ci əsrin konslagerləri adlandırmışlar. Eyni zamanda, Rusiyanın Ukrayna işğalı ilə İkinci Dünya müharibəsi arasında və ruslar tərəfindən istifadə olunan “Z” simvolu ilə Nasistlərin svastikası arasında böyük oxşarlıq olduğu faktına diqqət çəkmişlər (onların iştirakı ilə keçirilən müsahibəyə keçid: https://www. youtube.com/watch?v=4aw5AVrl5ng).

Beynəlxalq feminist dairələri də məsələ ilə maraqlanır, buna misal olaraq ABŞ vətəndaşı June Kathryn Minix-i göstərmək olar (onun Facebook səhifəsinə keçid:  https://www.facebook.com/BM1MinixsGirl ). O, beynəlxalq forumlarda yuxarıda qeyd olunan mövzuları qaldırır və Ukraynada zorakılığa məruz qalan qadın və uşaqların taleyilə maraqlanan digər beynəlxalq təşkilatları məsələyə cəlb etməyə çalışır.

June Kathryn Minix tərəfindən idarə olunan “Ukrayna üçün Qadınlar” təşkilatı (təşkilatın Facebook səhifəsinə keçid: https://www.facebook.com/ womenforukr ) uzun müddətdir ki, ukraynalılara kömək etmək üçün vəsait toplayır, lakin ən əsası Ukraynada Rusiya müharibəsi zamanı qadın və uşaq hüquqlarının pozulması ilə bağlı qəliz mövzulara toxunur; hazırda Ukraynadan deportasiya edilmiş uşaqların cinsi istismarına, düşərgələrdə həbs olunmasına və məcburi olaraq rus ailələrinə övladlığa verilməsinə qarşı kampaniyalar aparır. Aksiya internetdə #UAChildrenCamps heştəqi ilə davam etdirilir.

Yeri gəlmişkən, C.K.Miniksin rəhbərliyində təmsil olunan “Qadınlar Ukrayna naminə” (“Women For Ukraine”) təşkilatı uzun müddətdir ki, Rusiyanın apardığı işğalçılıq müharibəsi zamanı qadın və uşaq hüquqlarının pozulması ilə bağlı ciddi mövzuları gündəmdə saxlayır, müharibədən əziyyət çəkən ukraynalılara maddi yardım və kömək göstərmək üçün vəsait toplayır.

Onu da xatırladaq ki, “Women For Ukraine” qeyri-hökumət təşkilatı olub, əsas missiyası qlobal tədbirlərdən istifadə etməklə, aktiv müharibə zonasında ukraynalı qadınların üzləşdiyi ən kritik məsələlərlə bağlı maarifləndirmə işləri aparmaqdadır. Ən əsası isə C.K.Miniksin həmtəsisçisi olduğu təşkilat (“Women For Ukraine”) hazırda Ukraynadan deportasiya edilmiş uşaqların cinsi istismara məruz qalmasına, əsir düşərgələrində saxlanılmasına və məcburi olaraq rus ailələrinə övladlığa verilməsinə qarşı kampaniyalar aparır. Aksiya İnternetdə #UAChildrenCamps heştəqi ilə davam etdirilir. Bu, Ukraynalı uşaqların məcburi deportasiyasına qarşı qlobal əsaslı məlumatlandırma hərəkatıdır və məcburi deportasiyanın müharibə cinayəti, soyqırımı aktı olduğunu sübut etməyə çalışır.

Göründüyü kimi, Ukraynalı uşaqlar indi dəhşətli əzab çəkirlər. Onlar öldürülür və şikəst olurlar. Çoxları ailələrindən ayrılıb. Müharibə onların evlərini dağıdır. Məktəbə getmirlər. Təhsil ocaqlarına, uşaq evlərinə və xəstəxanalara hücumlar barədə məlumatlar var. Uşaqlar dözülməz dərəcədə qorxu və narahatlıq yaşayırlar. Dünya Rusiyanın Ukraynadakı vəhşiliklərinə görə məsuliyyətə cəlb edilməsi imperativi ətrafında birləşib. Beynəlxalq ictimaiyyətin Rusiyanı qınaması və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə bağlı həyata keçirilən fəaliyyət, həm də Rusiyanı qınaq obyektinə çevirir və Rusiyaya qarşı fəaliyyəti daha da genişləndirməyə səbəb olur.

Elşən YƏHYAYEV

7Times.az