Şabranda Gənclər və İdman Nazirliyinin yaranmasının 29-cu ildönümünə həsr olunmuş yeniyetmə oğlan və qızlar arasında şahmat birinciliyinin qalibləri mükafatlandırılıb.
7Times.az-ın bölgə müxbiri xəbər verir ki, şahmatın rapid növü üzrə keçirilən birincilikdə 40-a yaxın həvəskar idmançı mübarizə aparıb.
Üç yaş kateqoriyasında (8, 10, 12) təşkil olunan turnirin əsas məqsədi yeniyetmə və gənclərin idmanın bu növünə olan marağının artırılması, onların aktiv həyata cəlb edilməsidir.
Mükafatlandırma mərasimində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, Şabran rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru, Respublikanın Əməkdar məşqçisi Zeynal Zeynalov çıxış edərək qalibləri təbrik ediblər.
Qaliblər kubok və diplomlarla təltif olunublar.