Fransız yazıçısı Marsel Sesiro deyib: “Təbiətə qalib gəlmək üçün əvvəlcə ona itaət etmək lazımdır”. Demək ki, qalibiyyətin digər baş ucu itaət adlanır. Qalibiyyətin sonu isə uğur deməkdir. Məktəbin uğurunu düşünsək bu uğur şagirddən, şagirdin uğurunu düşünsək təbii ki, müəllimdən başlayır. Xaçmaz şəhər 6 saylı tam orta məktəbin direktoru Daxil Qurbanovun sözləri bu fikrə qüvvət verir: “Hər bir məktəb direktorunun arzusudur ki, rəhbəri olduğu məktəb uğurlu məktəb kimi tanınsın. Bunun üçün ən önəmli amil, sağlam mühitdir. Sağlam mühit varsa, pedaqoji kollektiv işə, şagirdlər dərslərinə daha məsuliyyətlə yanaşacaq ki, bu da uğurların çoxalmasına, məktəbin digər məktəblərdən fərqlənməsinə səbəb olacaq”.
Məktəb minlərlə insanı özündə birləşdirən böyük bir ailədir. Bu ailəyə aid olan hər bir kəs məktəbin ən gözəl sözlərlə tərif edilməsini istəyirsə öz bilik, bacarıq və əməyini birləşdirərək çalışmalı, irəlidə getməyi bacarmalıdır. Bütün bunlara nail olmaq üçün idarəetmə düzgün qurulmalıdır ki, orda hamı özünü rahat hiss etsin. Məktəb rəhbərliyi, müəllim və valideynlər arasında səmimi münasibət olarsa şagird o doğmalığı hiss edəcək, məktəbə həvəslə gələcək, bunun nəticəsində də şagirdin bilik və bacarıqlarının əsasında uğurlar artacaq.
Əməkdar müəllim Xuraman Bayramova dedi: “Şagirdin öyrənməsi üçün mühit lazımdır, model lazımdır. Şagird bunu ailədən görür, sonra da məktəbə addım atır. Evdə valideynlər onlar üçün rol, modeldirsə, məktəbdə də müəllimlər onlar üçün bir rol, modeldir. Biz onlara davranışımızla, geyimimizlə, xoş rəftarımızla, verdiyimiz elmlə, hərcəhətli onlara bir nümunə olmalıyıq və onlar bunu görüb yetişməlidirlər. Biz şagirdlərimizi təkcə savadlı uşaqlar kimi böyütmürük, biz onları həm də Vətəninə, öz dovlətinə sadiq, vətənpərvər bir şəxsiyyət kimi yetişdiririk. Şagirdlərin təkcə savadı kifayət deyil, onlar milli-mənəvi dəyərlərini qorumalı, ümumbəşər dəyərləri qiymətləndirməli, ailəyə, cəmiyyətə yararlı insan olmalıdırlar.
Daxil müəllim müsahibəsini davam edərək dedi: “Təbii ki, müəllimlərin keyfiyyətli tədrisi, şagirdlərin bilikləri yüksək səviyyədə qavraması üçün məktəbin şəraitinin müasir standartlara uyğun olmasının böyük təsiri var. İkimərtəbəli, 65 sinif otağından ibarət olan məktəbimizdə müasir məktəbin tələblərinə cavab verəcək hər bir şərait yaradılıb. Təhsil ocağında 56 sinif, tibb və müəllimlər otağı, bufet, idman zalı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, o cümlədən kitabxana var. 3 kompyuter otağı olmaqla, 100-dən artıq kompyuter internetə qoşularaq müəllim və şagirdlərin ixtiyarına verilib. Bu kompyuterlərdə şagirdlər elektron qaydada kiçik və böyük summativ qiymətləndirmə həyata keçirir. Müvafiq istiqamətlərdə təsis edilən yeni texnologiyalar məktəbimizdə distant tədrisin tətbiqinə və interaktiv dərslərin keçirilməsinə imkan verir. Laboratoriyalarımız əyani vasitələrlə zənginləsdirilib. Məktəbimizdə azərbaycan və rus bölməsi üzrə 1717 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 105 müəllim məşğul olur. Şagirdlərin təhsil alması üçün məktəb ixtisas müəllimləri ilə tam təmin olunub. 2022-2023-cü tədris ilinin məzunlarından 63 nəfəri ali təhsil üçün müvafiq balları toplayaraq tələbə adının qazanıblar. Onlardan 10 nəfəri 500-dən, 3 nəfəri isə 600-dən yuxarı bal intervalında nəticə göstərməklə həm müəllimlərə, həm də valideynlərinə başucalığı gətiriblər. Həmin məzunlardan Aysel İbrahimova 650 bal toplamaqla region üzrə ikinci, rayon üzrə birinci olub.
Azərbaycan Respublikası Elm və Təhsl Nazirliyinin dəstəyi ilə həyata keçirilən “İcma əsaslı məktəbəqədər təhsil”, “İnklüziv təhsil” layihələri artıq iki ildir ki, məktəbdə həyata keçirilir. Bunlardan başqa “İnnovativ”, “Rəqəmsal bacarıqlar” və “STEAM” layihələri də uğurla davam etdirilir. Bu layihələr şagirdlərin yeni təcrübi biliklərin qazanması istiqamətində mühüm rola malikdir. Məktəb Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və İnnovasiyalar üzrə I və IV Qrant müsabiqələrinin qalibi olub.
İtidai sinif müəllimi Günay Musayeva inklüziv təhsil haqqında bunları dedi: İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir. Əlilliyi olan uşaqların əlilliyi olmayan həmyaşıdları ilə birlikdə təhsili hər kəs üçün səmərəli tədris formasıdır. Belə ki, bütün uşaqların eyni sinifdə həyata keçirilən tədris prosesində iştirakı təhsilverənləri şagirdlərə fərdi yanaşmağa sövq edir. Əlavə olaraq, müxtəlif araşdırmaların nəticələri göstərir ki, əlilliyi olan uşaqlarla əlilliyi olmayan uşaqların birgə inklüziv sinifdə oxuması fərqliliyə münasibəti dəyişməyə, özünə hörmətin və həmyaşıdların qəbulunun yaxşılaşdırılmasına səbəb olur ki, bu, sosial yöndən ədalətli və ayrı seçkiliyə yol verməyən cəmiyyətin qurulmasına töhfə verir.
Məktəbin direktoru məktəblə bağlı növbəti məlumatlarla bizi tanış edərkən bildirdi ki, artıq 5 ildir həyata keçirilən “Peşə təmayüllü siniflərin təşkili” layihəsi şagirdlərin marağına səbəb olub. Bu layihənin məqsədi ümumi orta təhsil bazasında təhsilalanların peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir. İstər Respublika, istərsə də region üzrə Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlər arasında keçirilən müsabiqələrdə şagirdlərimiz iştirak edib, uğurları və qələbələri ilə bizi sevindiriblər.
“Peşə təmayüllü siniflərin təşkili” layihəsi haqqında daha ətraflı ixtisas müəllimi Aygün Yusifli məlumat verərək dedi: “Peşə təmayüllü siniflərin təşkili” layihəsi X-XI sinif şagirdləri üçün nəzərdə tutulub. Məktəbimizin peşə təmayüllü iki sinfində 4 ixtisas tədris olunur.Şagirdlər bu siniflərdə qənnadı köməkçisi, aşpaz köməkçisi, aqranom köməkçisi və dərzi köməkçisi ixtisasları üzrə ilkin bilik və bacarıqlara yiyələnirlər. Peşə təmayüllü sinifləri bitirən şagirdlər tam orta təhsil haqqında sənəd almaqla yanaşı, müvafiq peşələrə də yiyələnəcəklər.
“Şagirdlərimizin yeni qələbəsini gözləyirik. Bu, Respublika Fənn Olimpiadası və Lütfizadə Fənn Müsabiqəsində iştirak edən şagirdlərimizə aiddir. Onu da qeyd edim ki, Respublika Fənn Olimpiadasında və Lütfizadə Fənn Müsabiqəsində 18 şagirdimiz final mərhələsində uğur qazanıb, 4 şagirdimiz isə aprel ayının sonu, may ayının əvvəlində Respublika Fənn Olimpiadasının finalçısıdır . Umidvarıq ki, onlar da qazandıqları qələbə ilə bizi sevindirəcəklər” deyə Daxil müəllim məktəb haqqında məlumatlarını böyük fəxrlə qeyd etdi.
Bəli, uğurlu şagirdlərin öyrədənləri uğurlu müəllimlər olur. Cəmiyyət uğurlu müəllimə möhtacdır. Uğurlu müəllimlər öz bilik və bacarıqları ilə kifayətlənmir, yeni nələrsə öyrənir və öyrədirlər. Müsahibimiz əməkdar müəllim Nüşabə Yolçuyeva da uğurlu müəllimlərdəndir. Müəllimin uğurları haqqında danışarkən o, bunları qeyd etdi: “Məktəb elə bir məkandır ki, uşaqlarımızın gələcəyinin əsası burada qoyulur. Uşaq məktəbdə necə formalaşacaqsa elə də vətəndaş olur. Fəxrimiz olan hər bir şagird bizim uğurumuzdur. Bu günki uğurumuz etibarlı gələcəyin qarantıdır. Biz müəllimlərin uğurlu şagirdləri nə qədər çox olarsa gələcəyimiz o qədər günəşli olar”.
50 ilə yaxındır ki, məktəbdə pedaqoji fəaliyyət göstərən Məmməd Qurbanovla həmsöhbət olduq. Məmməd müəllim deyir ki, “Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Bu gün Vətənimizə sədaqətlə xidmət edən hər bir müəllim öz əməyi ilə öyünə, sevinə bilər, ona görə ki, hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz onların əməyinin, zəhmətinin yetirmələridir. Vətən üçün canından keçən övladlar müəllimlərin Vətən sevgisi ilə ruhlarını tərbiyə etdikləri şagirdləridir. Məktəbimizin 11 şəhid məzunu var. Onlardan 7-si Birinci Qarabağ Müharibəsi, 4-dü isə İkinci Qarabağ Müharibəsi Şəhidləridir. Onları böyük sevgi və ehtiramla yad edirik”.
Məktəbin direktoru Daxil Qurbanov müsahibəsinin davamı olaraq bunları da diqqətimizə çatdırdı: “Təhsil ocağında məktəbdənkənar və sinifdənxaric tədbirlərin təşkilinə xüsusi diqqət yetirilir. Şagirdlərin istedad və bacarıqlarının üzə çixarılmasında, onların vətənpərvər vətəndaş kimi formalaşmasında, şagirdlərin dövlətçiliyimizdə, milli və mənəvi dəyərlərimizə sədaqət ruhunda tərbiyə olunmasında bu tədbirlər mühüm əhəmiyyət kəsb edir. Bu işdə müəllimlərin əməyi danılmazdır. Şagirdlərə təkcə elmi öyrətməklə kifayətlənməyən, ona doğması kimi yanaşan, şagirdlərində təhsilə həvəs oyadan, yaradıcı bacarığa sahib olan, özündən çox şagirdlərinin elmli olması üçün çalışan müəllimlər sevilməyə layiqdir.
Müəllimlərimizdən söz düşmüşkən, Cənab Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən məktəbimizin üç müəllimi “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Bu illər ərzində bir neçə müəllimimiz “Qabaqcıl təhsil işçisi” adına layiq görülüb. Eyni zamanda məktəbimizin müəllimləri sertifikasiya imtahanlarında yüksək nəticə göstəriblər.
Quba- Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən məktəbimiz daim diqqqətdə saxlanılır, məktəbdə olan problemlərin aradan qaldırılmasında köməklik göstərir, məktəbin maddi-texniki bazasının təmin olunmasında vaxtaşırı lazım olan avadanlıqlarla təmin edir.
Çalışırıq məktəbimizdə hər hansı neqativ hal olmasın. Neqativ hal ümumilikdə sağlam pedaqoji kollektivə, eyni zamanda şagird kontingentinə mənfi təsirini göstərir. Hədəfimiz yeni-yeni uğurlara imza atmaq, həmişə olduğu kimi, yenə də birincilər sırasında olmaqdır.
Müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Təhsilin inkişafına göstərdikləri böyük diqqət və qayğıya görə biz Cənab prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildiririk”.
Sonda onu da qeyd edək ki, Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin əsası 1978-ci ildə qoyulub, 1979-cu ildə tam orta məktəb kimi fəaliyyətə başlayıb. Məktəb 2019-2020-ci tədris ilində Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub,təmir vaxtı əlavə sinif otaqları yaradılıb ki bu da şagird sıxlığının aradan qaldırılmasına köməklik göstərir.
Könül
7Times.az
Follow @7timesaz