Siyasət

“Şahin Mustafayevin İran səfəri təsadüfi xarakter daşımırdı” – Keçmiş səfir

“Şahin Mustafayevin İran səfəri təsadüfi xarakter daşımırdı” – Keçmiş səfirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ilə Azərbaycan arasındakı əlaqələrin inkişafı regionda sülhün və sabitliyin gücləndirilməsinə xidmət edəcək.

7times.az xəbər verir ki, bu sözləri İranın Azərbaycan Respublikasındakı keçmiş səfiri Möhsün Pak Ayin yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanın Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin Tehrana səfəri hər iki tərəfin münasibətləri qoruyub saxlamaq və inkişaf etdirmək istəyində olduğunu göstərdi. İranın yeni hökumətinin xarici siyasətində qonşularla, o cümlədən Azərbaycanla əlaqələri inkişaf etdirmək prioritet istiqamətdir. İran ilə Azərbaycan beynəlxalq əhəmiyyət daşıyan iqtisadi layihələrin həyata keçməsi üçün birgə iş aparırlar.

“Şahin Mustafayevin səfəri zamanı İran rəsmiləri ilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara dəmir yolunun çəkilişini müzakirə etməsi də təsadüfi xarakter daşımırdı. Bu layihə Fars körfəzi və Cənub-Şərqi Asiya ölkələri ilə Şimali Avropanı nəqliyyat baxımından birləşdirəcək. İran və Azərbaycan Asiya ilə Avropa arasında tranzit rolunu oynayacaq. Asiyadan Avropaya və əks istiqamətə daşınan yüklər İran ilə Azərbaycan ərazisindən tranzit olaraq keçəcək. Bu çox əhəmiyyətli layihədir. Yolun Qəzvin-Rəşt hissəsi istismara buraxılıb. Rəşt-Astara hissəsində isə inşaat işləri davam edir”, – deyə keçmiş səfir bildirib.

M.Pak Ayin qeyd edib ki, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin davam etməsi hər iki ölkənin iqtisadi inkişafı üçün mühüm xarakter daşıyır./Azərtac